Rusiyada yeniyetmələr arasında baş verən faciəvi hadisə ilə əlaqədar Baykalsk şəhərində 28, 29 və 30 may tarixləri üçün matəm elan edilib.
Oxu.Az xəbər verir ki, bu barədə şəhər bələdiyyəsinin rəhbəri Vasili Temgenevski "Telegram" kanalında məlumat yayıb.
İstintaq artıq bəzi təfərrüatları açıqlayıb. Məlumata görə, hadisə dostların birgə keçirdiyi ad günü məclisində baş verib. Axşama doğru iştirakçıların sayı azalıb və gecə saatlarında yalnız doqquz nəfər qalıb. Məhz bu zaman faciə yaşanıb. İlkin versiyaya əsasən, yeniyetmələrdən biri qızlardan biri ilə mübahisə edib. Bundan sonra həmin şəxs kağız kəsən bıçaqla digər iştirakçılara hücum çəkib. Müstəntiqlər "İki və ya daha çox şəxsin qətli" və "İki və ya daha çox şəxsin qətlinə cəhd" maddələri ilə cinayət işi açıblar.
Rusiyanın İrkutsk vilayətində dəhşətli hadisə baş verib. Belə ki, yeniyetmə ad günü tədbirində dörd həmyaşıdını qətlə yetirib.
Oxu.Az-ın RBK-ya istinadla verdiyi məlumata görə, hadisə "Qornı Baykal" bağçılıq kooperativində (Baykalsk şəhəri) yerləşən fərdi yaşayış evində baş verib.
İlkin məlumatlara görə, evdə olan yeniyetmələrdən biri bıçaqla digər uşaqlara hücum edib. Nəticədə dörd yeniyetmə hadisə yerində ölüb, daha dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Yaralılardan birinin vəziyyəti son dərəcə ağır olaraq qiymətləndirilir.
"İlkin ehtimallara əsasən, hücum edən şəxs hadisədən sonra evi yandırıb və yanğın nəticəsində həyatını itirib", - deyə qurumun regional idarəsindən bildirilib.
İlkin məlumata görə, yeniyetmələr valideynlərinin icazəsi ilə bağ evində doğum günü qeyd edirmişlər.
Fakt üzrə Rusiya İstintaq Komitəsi cinayət işi açıb.