Ukrayna Prezidenti Volodimir Zelenskinin rusiyalılarla mümkün danışıqlara göndərə biləcəyi nümayəndə heyətinə Prezident Aparatının rəhbəri Andrey Yermakın rəhbərlik etməsi gözlənilir.
Oxu.Az xəbər verir ki, bu barədə NEWS.ru-ya açıqlamasında Ukrayna Ali Radasının sabiq deputatı Vladimir Oleynik məlumat verib.
Onun fikrincə, nümayəndə heyətində yer alan nazirlərdən daha çox, danışıqlar prosesində əsas söz sahibi məhz Andrey Yermak olacaq:
"Andrey Borisoviç Yermak özünü, birinci şəxs olmasa da, Ukraynada ikinci şəxs kimi görür. Danışıqlara göndəriləcək heyətin faktiki rəhbəri də o olacaq - nazirlər yox".
Sabiq deputat bildirib ki, Rusiya tərəfdən danışıqlara qatılacaq nümayəndə heyətinin tərkibi olduqca güclüdür. Onun sözlərinə görə, heyətdə Rusiya Baş Qərargahının Baş İdarəsinin rəhbəri, hərbi kəşfiyyatın başçısı İqor Kostyukov da yer alır:
"O, silahlanma sahəsində yüksək ixtisaslı mütəxəssis olmaqla yanaşı, Minsk razılaşmalarının icrası ilə bağlı təcrübəyə də malikdir. Danışıqlarda əsas müzakirə mövzularından biri demilitarizasiya ola bilər".
Oleynikin fikrincə, İstanbulda baş tuta biləcək bu görüşlərin əsas prioritetlərindən biri əsir mübadiləsi olacaq. O qeyd edib ki, "hamı hamıya" prinsipi əsasında aparılan əsir mübadiləsi danışıqları iki ölkənin hərbi kəşfiyyat strukturları arasında həyata keçirilir.
Bundan başqa, Moskvanın nümayəndə heyətində Rusiya xarici işlər nazirinin Ukrayna istiqaməti üzrə ixtisaslaşmış müavini Mixail Qaluzin də yer alır. Oleynikin sözlərinə görə, o, danışıqlar prosesinin bütün incəliklərini dərindən bilir.