Müzakirə olunan Qrenlandiya müqaviləsi ada üzərində suverenliyin ABŞ-yə verilməsini nəzərdə tutmur.
Oxu.Az xəbər verir ki, bu barədə "Axios" nəşri mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, Vaşinqtonun adada hərbi bazalar qurmasına icazə verən 1951-ci il ABŞ-Danimarka müqaviləsinin yenilənməsinin də plana daxil olduğu deyilir.
Bildirilir ki, təklif olunan razılaşma Qrenlandiya üzərində tam suverenliyin Vaşinqtona verilməsini əhatə etmir.
Təşəbbüs, həmçinin ABŞ-nin "Qızıl qübbə" raketdən müdafiə sisteminin Qrenlandiyada yerləşdirilməsini də əhatə edir.
Bundan əlavə, plana Qrenlandiyada təhlükəsizliyin gücləndirilməsi və NATO-nun Arktikadakı fəaliyyətləri ilə bağlı bölmələr, eləcə də xammal üzərində əlavə işlər daxildir.
"Axios"un məlumatına görə, ABŞ-nin yaxın həftələrdə Danimarka və Qrenlandiya ilə yüksəksəviyyəli danışıqlara başlayacağı gözlənilir.
Ağ Ev rəsmisi Kerolayn Levitt daha əvvəl ABŞ Prezidenti Donald Trampın açıqladığı Qrenlandiya müqaviləsinin təfərrüatının dəqiqləşdirmədən sonra dərc olunacağını bildirmişdi.
ABŞ lideri isə CNBC-yə verdiyi müsahibədə bildirib ki: "Bizim razılaşma üçün konsepsiyamız var. Düşünürəm ki, bu, həm ABŞ, həm də Avropa İttifaqı ölkələri üçün çox yaxşı bir razılaşma olacaq".