Macarıstanda keçirilən parlament seçkisində qələbə qazanmış "Tisa" partiyasının lideri Peter Madyar, yeznəsi Marton Mellettey-Barnanı ədliyyə naziri postuna təyin etməsi ilə bağlı maraqlı açıqlama verib.
Oxu.Az xəbər verir ki, siyasətçi bu barədə "Facebook" hesabında paylaşdığı videomüraciətdə bildirib.
P.Madyar qeyd edib ki, Marton Mellettey-Barnanı bu vəzifəyə bacısı ilə evli olduğu üçün deyil, müstəsna olaraq peşəkar keyfiyyətlərinə görə namizəd göstərib.
Madyarın sözlərinə görə, o, yeznəsini hələ tələbəlik illərindən tanıyır; Mellettey-Barna isə "Tisa" partiyasına 2024-cü ilin fevralında qoşulub. Siyasətçi qohumluq əlaqələrinin ciddi dilemma yaratdığını etiraf etsə də, bu məsələdə maraqlar toqquşmasının açıq şəkildə həll olunacağı sərt şəffaflıq qaydaları tətbiq edəcəyinə söz verib. O vurğulayıb ki, bu qaydalar özü də daxil olmaqla, bütün hökumət üzvlərinə şamil ediləcək.
Qeyd edək ki, Marton Mellettey-Barna çoxillik hüquq təcrübəsinə malikdir və hazırda "Tisa" partiyasının hüquq direktoru vəzifəsini tutur.
Macarıstanda yeni hökuməti formalaşdırmağa hazırlaşan "Tisa" Partiyasının sədri Peter Madyar ədliyyə naziri postuna öz yeznəsi Marton Melletey-Barnanı namizəd kimi göstərib.
Oxu.Az xəbər verir ki, "M1" telekanalının yaydığı məlumata əsasən, bu niyyəti Madyarın qohumbazlıqda günahlandırılmasına yol açıb.
"Tisa" partiyasının hüquq məsələləri üzrə direktoru Marton Melletey-Barnaya Ədliyyə Nazirliyinə rəhbərlik etməyi təklif etdim. O, son iyirmi il ərzində vəkillik fəaliyyəti ilə məşğul olub", - deyə Madyar öz "Facebook" səhifəsində qeyd edib.
Partiya sədri bu şəxslə qohumluq əlaqələrinin olduğunu açıqlamayıb. Yerli medianın isə yazır ki, Melletey-Barna 2025-ci ilin sentyabrında Madyarın bacısı ilə ailə həyatı qurub.
P.Madyar artıq gələcək kabinetindəki bütün postlar üzrə namizədlərin müəyyənləşdirilməsi prosesini yekunlaşdırıb. Mayın 9-da çağırılacaq yeni parlamentin ilk iclasında onun baş nazir seçiləcəyi gözlənilir. Xatırladaq ki, Madyarın rəhbərlik etdiyi "Tisa" partiyası aprelin 12-də Macarıstanda baş tutan parlament seçkilərində qələbə qazanıb. Bununla da fəaliyyətdə olan Baş nazir Viktor Orban və onun rəhbəri olduğu "Fides - Macarıstan Vətəndaş İttifaqı" partiyası 16 il davam edən fasiləsiz iqtidar dövründən sonra müxalifətə keçəcək.