Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Rusiyada güclü partlayış: General və köməkçisi terrorun qurbanı olublar?
Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının rəisi general-leytenant İqor Kirillovun ölümü terror aktı kimi qiymətləndirilir. Faktla bağlı qətl və silah-sursatın qanunsuz dövriyyəsi maddələri üzrə cinayət işi açılıb.
Oxu.Az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat verib.
"Rusiyanın Moskva üzrə İstintaq Komitəsinin Baş İstintaq İdarəsi paytaxtda iki hərbçinin ölümü ilə bağlı Rusiya Cinayət Məcəlləsinin 105, 205 və 222-ci maddələri (qətl, terror aktı, silah və döyüş sursatlarının qanunsuz dövriyyəsi) ilə cinayət işi açılıb, araşdırmalar aparılır", - deyə o qeyd edib.
Yeri gəlmişkən, hüquq-mühafizə orqanlarından bildirilib ki, partlayıcı qurğu məsafədən idarə olunub və partlayış istiqamətlənmiş xarakter daşıyıb.
Qeyd olunur ki, partlayışın gücü trotil ekvivalentində təxminən 300 qram təşkil edib.
Rusiyanın "Telegram" kanallarının məlumatına görə, müstəntiqlər qatillərin generalı necə izlədiyinə dair bir neçə versiyanı (qarşıdakı binada kirayələnmiş mənzildən, karşerinq avtomobilindən və ya domofon kamerasının sındırılması vasitəsilə) araşdırır.
General Kirillovun ölümünün əsas versiyası Ukrayna Silahlı Qüvvələrinin təxribatıdır. Hadisə yerinə Federal Təhqiqat Xidmətinin partlayış mütəxəssisləri gəlib və ekspertiza üçün materiallar toplayıblar.
Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının rəisi general-leytenant İqor Kirillov və onun köməkçisi Moskvada Ryazan prospektində baş verən partlayış nəticəsində həlak olublar.
Oxu.Az-ın məlumatına görə, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko xəbər verib.
Bildirilir ki, skuterə yerləşdirilmiş partlayıcı qurğu işə düşüb.
"İstintaqın məlumatına görə, dekabrın 17-də səhər saatlarında Moskvada Ryazan prospektində yaşayış binasının girişinin yanında dayanan skuterə yerləşdirilmiş partlayıcı qurğu işə salınıb. Nəticədə Rusiya Silahlı Qüvvələrinin RKBM rəisi İqor Kirillov və onun köməkçisi həlak olub", - deyə o bildirib.
Petrenko qeyd edib ki, Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsi tərəfindən qətl faktı ilə bağlı cinayət işi açılıb. Hadisə yerində müstəntiqlər, kriminalistlər və əməliyyat xidmətləri işləyirlər. Cinayətin bütün halları araşdırılır.
Rusiya paytaxtında güclü partlayış baş verib, iki nəfər həlak olub.
Oxu.Az-ın məlumatına görə, bu barədə TASS-a əməliyyat xidmətlərindən məlumat verilib.
İlkin məlumata görə, partlayış yaşayış binasının birinci mərtəbəsində baş verib.
Rusiya "Telegram" kanallarında iddia olunur ki, hadisə nəticəsində RF Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qoşunlarının rəisi general-leytenant İqor Kirillov və onun köməkçisi həlak olublar. Bildirilir ki, əldəqayırma partlayıcı qurğu binanın girişinə qoyulub. Bu məlumat rəsmi olaraq təsdiqlənməyib.
Fotoda: İqor Kirillov.
Rusiyanın Moskva üzrə İstintaq Komitəsinin Baş İstintaq İdarəsinin Mətbuat Xidmətindən bildirilib ki, hadisə ilə bağlı cinayət işi açılıb.
Partlayış yerində müstəntiqlər və kriminalistlər əməliyyat xidmətlərinin əməkdaşları ilə birlikdə işləyirlər.
Rəylər