Türkiyədə çirkli pulların yuyulması ilə bağlı araşdırma çərçivəsində Mustafa Sarıgülün oğlu Ömer Sarıgül və jurnalist Murat Ağırel də daxil olmaqla, 15 şübhəli barəsində həbs qətimkan tədbiri seçilib.
Oxu.Az "Haber7"yə istinadən xəbər verir ki, İstanbulda ölkə daxilində və xaricdə yaradılmış şirkətlər vasitəsilə mənbəyi məlum olmayan külli miqdarda pulun yuyulması ilə bağlı araşdırma aparılır.
İstanbul Polis İdarəsinin Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsinin əməkdaşları İstanbul Prokurorluğunun koordinasiyası ilə əməliyyat keçiriblər. Araşdırma çərçivəsində saxlanılan 17 şübhəlinin polis idarəsindəki prosedurları başa çatıb. Onlar tibbi müayinədən sonra məhkəməyə aparılıblar.
Prokurorluqda ifadələri alınan Ömer Sarıgül, Özgür Bölükbaşı, Sadullah Ergün, Selim Daşdemir, Volkan Aslanbaş, Zekai Erdem, Zekeriya Yasemin, Aylin Kotil, Bayram Özata, Caner Baş, Cavidan Tanrah Artuner, Cihan Durak, Cihat Salman, Murat Ağırel və Mehmet Ali Aslan həbs tələbi ilə məhkəməyə çıxarılıblar.
Cemil Vasken Barın və Uğur Kurtulan barəsində isə məhkəmə nəzarəti tədbirinin tətbiqi tələb olunub.
Məhkəmə sorğuları başa çatdıqdan sonra Ömer Sarıgül və jurnalist Murat Ağırel də daxil olmaqla, 15 şübhəlinin həbsinə qərar verilib.
Araşdırma çərçivəsində barəsində saxlanılma qərarı çıxarılan Emir Sarıgülün isə özü polis idarəsinə gəldiyi və onunla bağlı prosedurların davam etdiyi bildirilib.
İstanbul Prokurorluğunun açıqlamasına görə, Almaniya vətəndaşları K.P. və M.B.-nin müraciətləri əsasında araşdırmaya başlanılıb. Onlar ölkə daxilində və xaricində yaradılmış şirkətlər vasitəsilə mənbəyi məlum olmayan külli miqdarda pulun yuyulmasına yönəlmiş əməliyyatların aparıldığını iddia ediblər.
Şikayətçilər 80 milyon avro məbləğində müqavilə bağlandığını, 100 milyon avroluq köçürmə əməliyyatının həyata keçirildiyini, dövlət imkanlarından və nüfuzundan istifadə edilməklə 1 milyard avro məbləğində vəsaitin kredit yolu ilə xaricə çıxarılacağının vəd edildiyini, həmçinin 1.5 milyon avro dəyərində qayığın satıldığını bildiriblər.
Məsələ ilə bağlı araşdırmalar davam edir.