Rusiya Kommunist Partiyasından olan deputat Anjelika Qlazkova "Qəhrəman şəhərlərin statusu haqqında" qanun layihəsini irəli sürüb. Sənədə əsasən, Sankt-Peterburq şəhərinin Leninqrad, Volqoqradın isə Stalinqrad adlandırılması təklif olunur.
Oxu.Az "The Moscow Times"a istinadən xəbər verir ki, qanun layihəsinin müəllifi təşəbbüsünü "tarixi ədalətin bərpası" və Böyük Vətən müharibəsi xatirəsinin qorunması ilə izah edib.
Layihəyə əsasən, hər iki şəhər 1941-1945-ci illərdə daşıdıqları adları daimi olaraq geri almalıdır. Onların adlarının yenidən dəyişdirilməsi qadağan edilməlidir.
Bərpa edilmiş Leninqrad və Stalinqradın gerb və bayraqlarında Lenin ordeni və "Qızıl Ulduz" medalı təsvir olunacaq.