İtaliyanın Neapol şəhərində 4.7 maqnitudalı zəlzələ baş verib. Bu, son 40 ildə bölgədə qeydə alınan ən güclü yeraltı təkan hesab olunur.
Oxu.Az xəbər verir ki, bu barədə ORF məlumat yayıb.
Milli Geofizika və Vulkanologiya İnstitutunun məlumatına görə, zəlzələnin episentri Flegrey sahələri ərazisində, 3 kilometr dərinlikdə yerləşib. Bu bölgədə qədim sualtı vulkanın mövcudluğu ilə bağlı təbii proseslər səbəbindən kiçik zəlzələlər mütəmadi baş verir. Lakin indiyədək onların gücü 4 maqnitudanı keçməyib.
Bildirilib ki, yeraltı təkanlar Neapol şəhərində və ətraf ərazilərdə hiss olunub.
İtaliyanın mülki müdafiə naziri Nello Musumeçinin sözlərinə görə, zəlzələ nəticəsində azı dörd nəfər xəsarət alıb.
Bundan əlavə, bir neçə yaşayış binasına və kilsəyə ziyan dəyib. Şəhərin bəzi hissələrində elektrik enerjisinin verilişi kəsilib.