Norveç Ukraynaya 400 milyon dollar məbləğində yardım ayıracaq.
Oxu.Az "European Pravda" nəşrinə istinadən bildirir ki, bu barədə Skandinaviya ölkəsinin xarici işlər naziri Espen Bart Eyde Kiyevdə keçirilən mətbuat konfransında məlumat verib.
Qeyd olunub ki, sözügedən yardım enerji sektoruna və Ukrayna dövlətinin fəaliyyətinə yönəldiləcək.
"Bu, həmrəyliyin və ortaq məqsədin güclü bir simvoludur və biz bunu dərhal etmək istədik. Mən soyuq bir ölkədənəm. Bu gün Osloda hava Kiyevdəki ilə eynidir. Beləliklə, Ukraynada isitmənin nə qədər vacib olduğunu başa düşürük", - deyə Eyde bildirib.
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa da öz növbəsində deyib ki, ölkəsi üçün enerji dəstəyi paketi çox vaxtında təqdim olunub: "Bu, dövlətimizin və cəmiyyətimizin dayanıqlığını gücləndirməyə kömək edəcək. Yardım paketi Oslonun enerji dəstəyinin davamıdır".