"Sülh danışıqları prosesi ləngidikcə, rəsmi Kiyevin vəziyyəti ağırlaşacaq və onlara qarşı irəli sürülən tələblər daha da sərtləşəcək".
Oxu.Az "İnterfaks"a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
"Şübhəsiz ki, bunu gözləmək həm mümkündür, həm də lazımdır. Yaddan çıxarmayın, biz çoxdan xəbərdarlıq edirdik ki, keçən hər gün Kiyevin mövqeyini daha da zəiflədir", - deyə jurnalistlərə müsahibəsində Peskov vurğulayıb.
Rusiya rəsmisindən ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və Cared Kuşnerin səfəri zamanı təklif etdikləri sülh şərtlərinin sərtləşdirilməsi barədə Ukrayna Ali Radasının bəyanatına münasibət bildirməsi xahiş olunub. Eyni zamanda, Peskovdan Kremlin Ukrayna tərəfinin bu cür qiymətləndirmələri ilə razılaşıb-razılaşmadığı soruşulub.
"Biz ABŞ-li vasitəçilərin səyləri ilə bağlı olan bütün məsələləri şərh etmək istəməzdik. Bu cür proseslər sakitlik şəraitində həyata keçirilməlidir", - deyə Peskov vurğulayıb.