"İran ilə ABŞ arasında müharibənin dayandırılmasına və yekun razılaşmanın əldə olunması üçün ikiaylıq danışıqların başlanmasına dair ötən həftə imzalanmış Anlaşma Memorandumu ətrafında İranda müzakirə və mübahisələr davam etməkdədir".
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Azad İran" "YouTube" kanalının hazırladığı videosüjetdə bəhs edilir.
"Əslində, bu mübahisələr, o cümlədən İranın ali rəhbərini qətlə yetirmiş ABŞ ilə danışıqların aparılmasına etirazlar daha əvvəl, memorandumun mətni mediaya sızdıqdan sonra başlamışdı. Amma memorandumun İran Prezidenti Məsud Pezeşkian və ABŞ Prezidenti Donald Tramp tərəfindən imzalanmasından bir gün sonra, iyunun 18-də İranın Ali Rəhbəri Müctəba Xameneinin xalqa müraciəti razılaşma ətrafında mübahisələri fərqli bir məcraya yönəltdi. Həmin müraciətdə Müctəba Xamenei açıq şəkildə bildirib ki, onun imzalanan sənədlə bağlı fərqli mövqeyi olub, lakin İran Prezidenti Məsud Pezeşkian və Ali Milli Təhlükəsizlik Şurasının digər üzvləri İran xalqının və "Müqavimət cəbhəsi"nin hüquqlarını qoruyacaqlarına dair öhdəlik götürdükləri üçün onun imzalanmasına icazə verib.
Bununla da Müctəba Xamenei təkcə imzalanmış anlaşma memorandumu və qarşıdakı müzakirələrlə bağlı məsuliyyəti Prezident Pezeşkianın üzərinə qoymayıb, həm də onu razılaşmanın əleyhinə olan radikal dairələrin hədəfinə çevirib. Təsadüfi deyil ki, memorandumun mətninin ortaya çıxdığı ilk günlərdə tənqid və etirazlar daha çox bilavasitə ABŞ nümayəndə heyəti ilə danışıqlar aparan parlamentin sədri Məhəmməd Baqir Qalibafa və xarici işlər naziri Abbas Əraqçıya yönəlirdisə, imzalanmadan və Müctəba Xameneinin qeyd olunan müraciətindən sonra Məsud Pezeşkian ittihamların əsas hədəfinə çevrilib.
Bu ittihamlar bəzən fiziki məhv təhdidlərinə qədər gedib çıxır. Belə ki, tanınmış məddah Məhəmmədəli Bəxşi minbərdən çıxışı zamanı Pezeşkianı təhqiramiz şəkildə terrorla hədələyərək deyib ki, cənab prezident, əgər ali rəhbərin qoyduğu şərtlər yerinə yetirilməsə, biz bilirik nə edəcəyik, xəncərimiz hülqumunuzu kəsəcək, atana od vuracağıq", - deyə materialda bildirilir.