Rusiya Dövlət Duması miqrantlar üçün dövlət rüsumlarının bir neçə dəfə artırılmasını nəzərdə tutan iki hökumət qanun layihəsini ilk oxunuşda qəbul edib.
Oxu.Az-ın məlumatına görə, Rusiya vətəndaşlığının rəsmiləşdirilməsi üçün rüsum 4 200 rubldan (təxminən 99 manat) 50 000 rubla (təxminən 1 180 manat) qaldırılacaq.
Bundan başqa, müvəqqəti yaşamaq icazəsinin rəsmiləşdirilməsi üçün rüsum 1 920 rubldan (təxminən 45 manat) 15 000 rubla (təxminən 354 manat), yaşayış qeydiyyatı üçün rüsum 6 000 rubldan (təxminən 141 manat) 30 000 rubla (təxminən 708 manat), ölkəyə giriş dəvəti üçün rüsum isə adambaşı 960 rubldan (təxminən 22 manat) 8 000 rubla (təxminən 189 manat) qaldırılacaq.
Birdəfəlik vizalar üçün rüsum 1 200 rubldan (təxminən 28 manat) 2 000 rubla, çoxdəfəlik vizalar üçün isə 1 920 rubldan (təxminən 45 manat) 6 000 rubla (təxminən 141 manat) çatdırılacaq.
Gözlənilir ki, bu dəyişikliklər hesabına Rusiya büdcəsinə ildə 15 milyard rubldan çox (təxminən 354.1 milyon manat) əlavə vəsait daxil olacaq.
Hökumət dəyişikliklərin artıq iyulun 1-dən qüvvəyə minməsini təklif edib.
Rusiya hakimiyyəti 2024-cü ilin martında Moskva vilayətində yerləşən "Krokus Siti Holl"da törədilmiş terror aktından sonra miqrasiya siyasətini sərtləşdirməyə başlayıb. Bu fonda 2026-cı ilin əvvəlinə ölkədə yaşayan xarici vətəndaşların sayı 5.7 milyona düşüb ki, bu da əvvəlki illə müqayisədə 10 faiz azdır.