Rusiyada 11 nəfərin qətlinə görə ömürlük azadlıqdan məhrum edilən Telman Sayfiyev məhkəmə qərarı ilə "Rusiya Poçtu" Səhmdar Cəmiyyətindən kompensasiya almağa nail olub. Hazırda o, Perm diyarındakı "Ağ qu quşu" cəzaçəkmə müəssisəsində cəza çəkir.
Oxu.Az xəbər verir ki, bu barədə "RIA Novosti" məlumat yayıb.
İş materiallarına əsasən, Sayfiyev Perm diyarı məhkəməsinə iddia ərizəsi ilə müraciət edib. O bildirib ki, Moskvadan ona göndərilən məktubun xeyli gecikməsi səbəbindən ciddi mənəvi əziyyət çəkib. Məktub qaydalara uyğun olaraq altı günə yox, 36 günə çatdırılıb. Məhkum iddiasında qeyd edib ki, vaxtında çatdırılmama onu vacib məlumatları almaq imkanından məhrum edib, bu da onda ruh düşkünlüyü, acizlik və məyusluq hissləri yaradıb, daxili rahatlığını pozub.
Sayfiyev göndəriş müddətinin pozulmasına görə poçt xidmətindən 15 min rubl (təxminən 300 manat) təzminat tələb edib.
Məhkəmənin qərarında deyilir: "Mənəvi zərərə görə üç min rubl kompensasiya və min rubl məbləğində cərimənin tutulması ilə bağlı iddia tələbləri təmin edilsin".
Bundan əvvəl həmin şəxs "Rusiya Poçtu"na kompensasiya ödənilməsi tələbi ilə şikayət göndərsə də, cavabında yalnız müddətin pozulması ilə bağlı yazılı təəssüf hissi ifadə olunub. Pulu ödəməkdən imtina edilib. Ötən il Telman Sayfiyev 11 dişinin çıxarılmasına görə "Ağ qu quşu" cəzaçəkmə müəssisəsindən 80 min rubl (təxminən 1 600 manat) məbləğində təzminat alıb.
Həmçinin bildirilib ki, Sayfiyev bir neçə il ərzində kameralarda isti suyun olmaması və telekanalların dəyişdirilməsinə qoyulan qadağa da daxil olmaqla onlarla iddia qaldırıb. Bu yaxınlarda o, tikiş sexindəki işinin aşağı maaşla qiymətləndirilməsi və uyğunsuz şərait üçün təzminat tələb edərək Federal Cəza İcrası Xidmətinə qarşı məhkəməyə müraciət edib. Lakin seriyalı qatil bu iddianı uduzub: məhkəmə müəyyən edib ki, məhbusun əməyinin ödənişi görülən işin həcmindən asılı olaraq həyata keçirilib, Sayfiyev isə istehsal normalarını yerinə yetirməyib. Həmçinin ekspertlər cəzaçəkmə müəssisəsinin yaşayış və iş yerlərində məhbusların saxlanma şəraitində heç bir qanun pozuntusu aşkar etməyiblər.
Telman Sayfiyev Moskva və Moskva vilayətində ən azı 11 nəfəri qətlə yetirən "qara rieltorlar" dəstəsinin üzvü olub. Cinayətkarlar 1993-cü ilin sonunda ifşa ediliblər, 1996-cı ildə isə Sayfiyev ömürlük azadlıqdan məhrum olunub.