Rusiyanın Həştərxan şəhərindəki aeroportda gömrük əməkdaşları 64 yaşlı əcnəbini saxlayıblar.
Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Həştərxan Gömrük İdarəsindən məlumat verilib.
Məlumata görə, kişi bəyan edilməmiş pul vəsaitini Rusiyadan Bakıya aparmağa cəhd edib. Sərnişin "yaşıl dəhliz"dən keçərkən saxlanılıb. Onun şalvarının cibindən bir milyon rubl (21 118 manat) aşkar edilib.
Həmin şəxs pulu oğlunun toyuna hədiyyə etmək üçün hazırladığını bildirib. O, bu məbləğin bəyan edilməli olduğunu bilmədiyini iddia edib.
Əcnəbi barəsində Rusiya İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati iş başlanıb. Kişiyə 10 min ABŞ dolları ekvivalentində olan 840 min rubl (təxminən 17 739 manat) geri qaytarılıb. Qalan 160 min rubl (təxminən 3 378 manat) isə müsadirə edilib.