“Bizim mediada baş verənlər məşhur Amerikan filmi “Dələduzluq və “Quyruq iti bulayır”ı xatırladır, lakin qeyd etdiyim filmin ssenarisinin əksi. Həmin filmdə hakimiyyətin siyasi texnoloqları televiziya ekranları və qəzetlər vasitəsilə seçicilərini guya davam edən müharibəyə inanmağa məcbur edir. Rusiya hakimiyyəti isə bunun əksini etdi - Rusiya televiziyasında bombalar yalnız Donbasda düşür, yalnız dinc sakinlər ölür”.
Bu sözləri Oxu.Az-a Rusiya mətbuatında artıq 14-cü gündür davam edən Ukrayna-Rusiya müharibəsi barədə aparılan təbliğata öz münasibətini bildirən müstəqil rusiyalı politoloq İqor Dmitriyev deyib.
Rusiyalı politoloq qeyd edib ki, Rusiya mətbuatının təqdimatına əsasən, Ukraynada qan tökülmədən “xüsusi hərbi əməliyyat” gedir:
“Bu “əməliyyat”ın gedişi ilə bağlı rəsmi məlumata zidd olan istənilən informasiya isə saxta elan edilir. Bunun ardınca cinayət məsuliyyəti gəlir. Artıq yeni maddə ilə 60 cinayət işinə başladılıb. Nəticədə rusların əksəriyyəti tam əmindir ki, Rusiya Silahlı Qüvvələri yaşayış məntəqələrini demək olar ki, döyüşsüz götürür və burada yerli sakinlər onları sevinclə qarşılayır. Doğrudur, bəzən Rusiya Federasiya Şurasının üzvü Lyudmila Narusovanın 100 nəfərdən ibarət bölükdən yalnız dörd əsgərin sağ qaldığına dair kimi açıqlamalar da olur. Yaxud “DXR” ordusunun keçmiş komandiri İqor Strelkovun “Ukrayna Silahlı Qüvvələrini tamamilə məğlub etmək, “Yeni Rusiyanı” və “Kiçik Rusiyanı” “nasistlər”dən azad etmək üçün Ukraynada döyüşən qruplaşmaların qat-qat gücləndirilməsinə ehtiyac var” fikirlərinə də rast gəlinir”.
İqor Dmitriyev Rusiya vətəndaşlarının ümumi səfərbərlik barədə dolaşan xəbərlərə reaksiyasına da toxunub.
O qeyd edib ki, Qərb mediasının da Rusiya Federasiyasında gözlənilən ümumi səfərbərlik haqqında danışmağa başlamasından sonra şayiələr yayılmağa başladı və bəzi sakinlər arasında çaxnaşma yaratdı:
“Tələsik ölkə xaricinə və ya ölkənin ucqarlarına axın baş verdi. Məlum oldu ki, “rus silahının qələbəsinə” sevinənlər bunu cəbhəyə getmədən, ancaq divanda uzanıb pivə içməklə qeyd etmək istəyir. Üstəlik, hakimiyyət tərəfdarlarının əsas bel sütununu təşkil edən orta və yuxarı yaşlı qadın və kişilər övladlarını Ukraynaya göndərməkdən məmnun olmazdılar. Ona görə də ümumi səfərbərliyin baş tutacağı ehtimalı azdır”.
Nair Əliyev