Şahzadə Uilyam geniş kral mülklərinin təxminən beşdə birini sataraq Kornuoll hersoqluğunu yenidən təşkil etməyə hazırlaşır.
Oxu.Az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Bildirilib ki, o, bu addımı Böyük Britaniyada mövcud olan mənzil və ekoloji böhranların həlli məqsədilə 500 milyon funt sterlinq dəyərində irimiqyaslı plan çərçivəsində atmaq fikrindədir. Təxminən 160 milyon funt sterlinqin Kornuoll, Silli adaları və cənubi Londonda sərfəli evlər də daxil olmaqla, mənzil layihələrinə yönəldiləcəyi gözlənilir. Verilən məlumatlara görə, hersoqluq eyni zamanda 2040-cı ilə qədər şəhər ərazilərinə yaxın torpaqların mənimsənilməsi hesabına 10-12 min arası yeni ev inşa etməyə ümid edir. Əlavə olaraq 20 milyon funt sterlinqin təbiəti mühafizə təşkilatları və hökumət tərəfdaşları ilə birlikdə təbiətin bərpası proqramlarına yatırılacağı gözlənilir.
Atası kral olduqdan sonra hersoqluğun idarəçiliyini təhvil alan Uels şahzadəsinin növbəti onillikdə dəyəri milyard funt sterlinqlə ölçülən sərvətinin bir hissəsini satması və eyni zamanda investisiyaları bir neçə əsas istiqamətdə cəmləşdirməsi gözlənilir. 25-ci Kornuoll hersoqu olan Uilyam 21 qraflıq ərazisini əhatə edən, ümumi dəyəri 1 milyard funt sterlinqdən çox olan torpaq sahələri, fermalar, yaşayış və kommersiya obyektlərinin daxil olduğu nəhəng mülkündən ildə təqribən 23 milyon funt sterlinq şəxsi gəlir əldə edir. Əldə olunan vəsaitlər Şahzadə Uilyam, Şahzadə Ketrin və onların övladlarının - Şahzadə Corc, Şahzadə Şarlotta və Şahzadə Luinin rəsmi, xeyriyyə və şəxsi həyatlarının maliyyələşdirilməsinə sərf olunur.