"İnter Mayami"nin ulduz hücumçusu Lionel Messi MLS müntəzəm çempionatı çərçivəsində "Portlend"ə qarşı keçirilən ev oyununda fərqlənərək azarkeşlərini yenidən sevindirib.
Oxu.Az xəbər verir ki, bu möhtəşəm qol sayəsində ulduz futbolçu turnirdəki qol seriyasını dörd oyuna çatdırıb.
Maraqlı keçən qarşılaşma meydan sahiblərinin 2:0 hesablı inamlı qələbəsi ilə başa çatıb. Oyunun 31-ci dəqiqəsində Messi hesabı açıb, 42-ci dəqiqədə isə onun ötürməsi ilə Xerman Berterame fərqi artırıb.
Hazırda səkkizqat "Qızıl top" sahibi 12 qolla müntəzəm çempionatın ən yaxşı bombardirləri siyahısında ikinci pillədə qərarlaşıb. Bundan əlavə, argentinalı ulduz turnir ərzində keçirdiyi 13 matçda 5 məhsuldar ötürmə ilə komandasına böyük fayda verib.
Bu qələbədən sonra 14 oyundan 28 xal toplayan "İnter Mayami" MLS-in Şərq Konfransının turnir cədvəlində 2-ci yeri tutur. "Portlend" isə 13 oyundan sonra 14 xalla Qərb Konfransında 12-ci pillədə qərarlaşıb.