Tatarıstanın Nijnekamsk şəhərinə pilotsuz uçuş aparatlarının (PUA) endirdiyi zərbələr nəticəsində 12 nəfər həyatını itirib, 39 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Oxu.Az xəbər verir ki, bu barədə jurnalistlərə Tatarıstan rəhbərliyinin mətbuat xidmətindən açıqlama verilib.
"Əldə olan son məlumatlara əsasən, Ukrayna Silahlı Qüvvələrinin Nijnekamsk ərazisinə PUA-larla təşkil etdiyi hücum 12 nəfərin ölümü və 39 nəfərin yaralanması ilə nəticələnib. Yardıma ehtiyacı olan və müraciət edən bütün şəxslərə lazımi tibbi xidmət göstərilməkdədir", - deyə açıqlamada qeyd olunub.
İlkin məlumatlara əsasən, həyata keçirilən PUA hücumu nəticəsində Tatarıstanın Nijnekamsk şəhərində 10 nəfər həyatını itirib, daha 15 şəxs isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Oxu.Az xəbər verir ki, bu barədə "SHOT" "Telegram" kanalı məlumat yayıb.
Şəhərin meri Radmir Belyayev bildirib ki, Ukrayna dronlarının kütləvi hücumları hazırda da davam edir və zərbələr həm sənaye infrastrukturuna, həm də mülki obyektlərə endirilir.
Avqustun 10-da səhər saatlarında Rusiyanın Tatarıstan Respublikasında partlayış səsləri eşidilib. Yerli sakinlər xüsusilə Nijnekamsk şəhərində pilotsuz uçuş aparatlarının (PUA) hücumu barədə məlumat veriblər, sosial şəbəkələrdə isə neft emalı zavodunun hədəfə alındığı yazılıb.
Bu barədə Oxu.Az OSINT kanalına istinadən xəbər verir.
İlkin məlumatlara əsasən, şəhər sakinləri dronların uçuşunu müşahidə edib və partlayış səsləri eşidiblər. Qısa müddət sonra internetdə hadisəni əks etdirən görüntülər yayılmağa başlayıb.
Tatarıstan rəhbərinin mətbuat xidməti isə öz növbəsində Nijnekamsk şəhərinə edilən kütləvi PUA hücumu nəticəsində insan itkisinin olduğunu bəyan edib.
"Nijnekamsk şəhərinə kütləvi hücum davam edir. Həm istehsalat, həm də mülki obyektlər hədəfə alınır. Təəssüf ki, həlak olanlar var", - deyə rəsmi açıqlamada qeyd olunub.
Bundan başqa məlumatda qeyd olunub ki, Nijnekamskda hadisə ilə əlaqədar olaraq regionda matəm elan edilib.
Qeyd edək ki, Nijnekamsk Rusiyanın ən mühüm neft emalı mərkəzlərindən biri hesab olunur. Bu ərazidə "TANEKO" və "TAIF-NK" kimi iki nəhəng neft emalı müəssisəsi fəaliyyət göstərir. Sözügedən zavodlar neftin və qaz kondensatının emalı üzrə ixtisaslaşıb.
Rusiyanın yanacaq-energetika infrastrukturunun əsas obyektləri sayılan bu müəssisələr daha əvvəllər də dəfələrlə dron hücumlarına məruz qalıb.