ABŞ Prezidenti Donald Tramp noyabrın 18-19-da Çində keçirilməsi nəzərdə tutulan Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində bu ölkənin lideri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə görüşünü istisna etməyib. Prezidentin sözlərinə görə, digər məsələlərlə yanaşı, nüvəsizləşdirmə mövzusunu da müzakirə etmək istəyir.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Donald Tramp Florida ştatından Vaşinqtona uçmazdan əvvəl jurnalistlərlə söhbətində bildirib.
Daha əvvəl Tramp Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində iştirak etmək istədiyini demişdi.
"Mən Çinə yola düşəcəyəm və ehtimal edirəm ki, Prezident Putin və Sədr Si Cinpinlə görüşəcəyəm. Bu, maraqlı olacaq. Biz nüvəsizləşdirmə də daxil olmaqla, bir çox məsələlər barədə danışacağıq", - deyə Tramp qeyd edib.
Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov isə bildirib ki, Rusiya, Çin və ABŞ liderləri arasında üçtərəfli görüş baş tutarsa, çox vacib və bütün dünyanın diqqətini cəlb edəcək müzakirə olacaq. O, həmçinin qeyd edib ki, Rusiya, ABŞ və Çin Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitindən əvvəl mümkün üçtərəfli görüşün gündəliyi üçün təkliflər hazırlayır.