Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Türkiyə-İran sərhədində minatəmizləmə əməliyyatı zamanı partlayışla bağlı açıqlama verilib.
Oxu.Az-ın məlumatına görə, ANAMA-nın mətbuat xidmətinin rəhbəri Səbinə Sərkərova APA-ya bildirib ki, Agentlik tərəfindən Türkiyədə mina təmizləmə işləri aparan “MECHEM” şirkəti ilə bağlanmış müqaviləyə əsasən, Türkiyə-İran sərhədində mina təmizləmə əməliyyatları yerinə yetirilir.
O qeyd edib ki, 19 aprel 2017-ci ildən indiyədək əməliyyatlar zamanı mütəxəssislər tərəfindən minlərlə mina aşkar olunaraq zərərsizləşdirilib.
“20 iyun 2017-ci il tarixdə səhər saat 07:15 radələrində əməliyyat zamanı mina hadisəsi baş verib. Hadisə zamanı ANAMA-nın 2 əməkdaşı – Həzi Aslanov və Ruslan Qasımov yüngül bədən xəsarətləri alıb, xəstəxanaya yerləşdirilib. Onlara ilkin tibbi yardım göstərilib. Onların həyat və sağlamlıqları üçün heç bir təhlükə yoxdur”, - deyə S. Sərkərova bildirib.
12:48
Bu gün Türkiyə vaxtı ilə 07:15-də Aralık rayonunun yaxınlığındakı Kiçik Ağrı dağının ətəyində partlayış baş verib.
Oxu.Az “Haber7”-yə istinadən xəbər verir ki, hadisə nəticəsində Azərbaycan vətəndaşları Razi Aslanov və Ruslan Abışov yaralanıb.
Sərhəddə yaxın ərazilərdə olan minaları təmizləyən qrupun əslən Azərbaycandan olan üzvləri 35 yaşlı Razi Aslanov və 38 yaşlı Ruslan Abışov aşkar etdikləri minaları zərərsizləşdirmək üçün xüsusi ayrılmış məkana apararkən partlayış baş verib.
Hadisə nəticəsində Razi Aslanov əlləri və gözündən, onun arxasınca gələn Ruslan Abışov isə ayaqları və bədənin müxtəlif yerlərindən xəsarət alıb.
Yaralılar İğdır Dövlət Xəstəxanasına yerləşdiriliblər.
Məlumata görə, həmin ərazilərin minalardan təmizlənməsi ilə Türkiyə, Azərbaycan və Mozambik mütəxəssisləri birgə məşğul olurlar.
Partlayışla əlaqədar araşdırma başlayıb.
A.M.