Türkiyənin iki əsas turizm əyaləti olan Antalya və Muğlada meşə yanğınları səngimək bilmir.
Oxu.Az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Bildirilib ki, hazırda Antalyanın Kaş və Demre rayonlarında başlayan iki meşə yanğını ilə mübarizə aparılır. Analoji təbii fəlakət qonşu Muğla əyalətinin Seydikəmər bölgəsində də qeydə alınıb. Bildirilir ki, şiddətli külək alovun qısa müddətdə geniş əraziyə yayılmasına səbəb olub. Yanğınların söndürülməsi üçün yerüstü qüvvələrə dəstək məqsədilə aviasiya vasitələri cəlb edilib.
"Güclü külək səbəbindən yanğın sürətlə böyüyüb. Alovun qarşısını almaq üçün təyyarələr, helikopterlər və yerüstü yanğınsöndürmə briqadaları hərəkətə keçib", - deyə məlumatda vurğulanır.
Nəşr həmçinin əlavə edir ki, təbii fəlakətlə əlaqədar Fəthiyə-Antalya avtomobil yolu müvəqqəti olaraq nəqliyyatın hərəkəti üçün bağlanıb. Bununla yanaşı, təhlükəsizlik məqsədilə bir neçə evin sakinləri ərazidən təxliyə olunublar.