Türkiyə Böyük Millət Məclisi ölkə tarixində iqlimlə bağlı ilk qanun layihəsini qəbul edib.
Oxu.Az "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, yeni tənzimləmənin məqsədi 2053-cü ilə qədər Türkiyədə istixana qazı emissiyalarını sıfıra endirmək və Milli Müəyyən Edilmiş Töhfədəki hədəflərə nail olmaqdır.
Qeyd olunub ki, Ankaranın enerji siyasətinin prioritet istiqamətləri bərpa olunan enerji mənbələrindən aktiv istifadə və yaşıl texnologiyaların tətbiqidir.
Belə ki, ölkənin 81 vilayətinin hər birində valilərin sədrliyi ilə iqlim dəyişikliyi üzrə Koordinasiya şuraları fəaliyyət göstərəcək və Milli Karbon Emissiyalarının Ticarət Sistemi yaradılacaq.
Qanun layihəsində iqlim dəyişikliyi üzrə yerli fəaliyyət planlarının, həmçinin su ehtiyatlarının səmərəli tənzimlənməsi və meşə sahələrinin artırılması strategiyalarının hazırlanması nəzərdə tutulur.
Digər məsələlərlə yanaşı, təsərrüfat subyektlərinin ətraf mühiti çirkləndirməsini minimuma endirmək üçün xammaldan istifadənin stimullaşdırılması da planlaşdırılır.