Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalının İmralı həbsxanasında PKK terror təşkilatının lideri Abdullah Öcalanla görüşməyə hazır olması ilə bağlı açıqlamasına münasibət bildirib.
Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.
Məlumata görə, Ərdoğan Bağçalının ilk gündən bu yana verdiyi açıqlamalarla "Terrorsuz Türkiyə" prosesinə misilsiz töhfələr verdiyini vurğulayıb:
"Bu günə qədər "Terrorsuz Türkiyə" prosesində müsbət irəliləyiş əldə etmişik. Komissiyanın yaradılması ilə proses həm sosial ölçü qazanıb, həm də çox fərqli bir sürət alıb. Ölkəmizi yarım əsrlik bir buxovdan azad edəcəyik. Rəylər və təkliflər diqqətlə qeyd edilib. Parlament sədrimiz məruz qaldığı ədəbsizliklərə baxmayaraq, işlərə uğurla rəhbərlik etdi. Cənab Bağçalı da ilk gündən etibarən verdiyi açıqlamalarla prosesin bugünlərə gəlməsinə misilsiz töhfələr verdi. Bir çox məlum və qeyri-məlum çətinliklərin öhdəsindən gəldik. Dünən komissiyamız 17-ci iclasını keçirdi. Prosesin təhlükəsizliyi üçün faydalı hesab edilən məqamlar açıq şəkildə paylaşıldı. Komissiyanın fikir və hədəf birliyi içərisində fəaliyyət göstərməsini son dərəcə yüksək qiymətləndirirəm, birlik və həmrəyliyimizə verdiyi töhfələri təqdir edirəm. Dünənki qiymətləndirmələr fonunda növbəti iclas cümə günü keçiriləcək. Türkiyənin üzərində sanki böyük bir kabusa çevrilən terrorizm bəlasından tamamilə xilas olmağın vaxtı gəlib. Siyasi partiyaların üzərinə çox vacib vəzifələr düşür. Millətimizin bizdən gözləntilərini anlayaraq həll yönümlü bir yanaşma nəzərdə tutacağıq. Qalib Türkiyə olacaq, millətimiz, qardaşlıq olacaq".