Arxeoloqlar dənizçilik tarixində məlum olan ən qədim gəmi qəzasının izlərini aşkarlayıblar. Tədqiqatçıların məlumatına görə, gəmi təxminən 4 400 - 4 700 il əvvəl Türkiyənin cənub sahillərində batıb.
Oxu.Az bu barədə "Sabah" qəzetinə istinadən xəbər verir.
Tapıntı Akdeniz Universitetinin professoru Hakan Önizin rəhbərlik etdiyi Aralıq Dənizi Arxeologiya Assosiasiyasının ekspedisiyası tərəfindən həyata keçirilib.
Gəminin taxta konstruksiyası dövrümüzədək saxlanılmasa da, arxeoloqlar qəza yerində tapılan keramika qabları və daş lövbərləri eramızdan əvvəl 2600-2400-cü illərə aid ediblər. Artefaktlar Antalyanın Kekova adası yaxınlığında, dəniz səviyyəsindən 30 metr dərinlikdə aşkarlanıb.
Alimlərin fikrincə, gəmi böyük ehtimalla Şərqi Aralıq dənizi regionundan - indiki Suriya, Livan və İsrail ərazilərindən yola düşüb. Qədim dənizçilərin Türkiyə sahillərini dövr edərək Troyaya və ya Krit adasındakı Minoya sivilizasiyasına tərəf üzdükləri ehtimal olunur.
Nəşrin məlumatına görə, uzunluğu 10 metr olan taxta gəminin qalıqlarından indiyədək 30-a yaxın antik amfora çıxarılıb. Artefaktların laboratoriya tədqiqatları başa çatdıqdan sonra Antalyadakı Sualtı Arxeologiya Muzeyində sərgilənməsi planlaşdırılır.