Türkmənistanda “Türkmən malları” dövlət birliyi heyvandarlara maaşı qoyunlarla verib.
Oxu.Az xəbər verir ki, bu barədə “Radio Azadlıq” (“Azadlıq radiosu”nun yerli xidməti) məlumat yayıb.
Radiostansiyanın məlumatına görə, müəssisə nağd pulun olmadığı üçün maaşı heyvanlarla ödəyir. Hesab “bir heyvan – 270 manat” sxemi üzrə aparılır.
“Ət ilə hesabladıqda 16-18 kiloqram edir. İşçilər maaşı qoyunlarla götürmək məcburiyyətindədirlər. Başqa nə edə bilərdilər ki?”, - Səlim adlı heyvandar jurnalistlərə bəyan edib.
Onun sözlərinə görə, həmkarları nağd pul əldə etmək üçün sonradan heyvanları bazarda satırlar (bu zaman 10-20 manat itirirlər).