Rusiyanın Yaroslavl şəhəri dronların hücumuna məruz qalıb. OSINT analitiklərinin məlumatlarına görə, zərbələr nəticəsində nəhəng neft emalı zavodu hədəf alınıb.
Vilayətin qubernatoru PUA hücumları və şəhərdən Moskva istiqamətinə çıxışın müvəqqəti bağlanması barədə açıqlama verib. Yerli sakinlər sosial şəbəkələrdə partlayış səslərinin eşidildiyi və bir neçə ərazidə qara tüstünün yüksəldiyi kadrları paylaşıblar.
Oxu.Az "Astra" "Telegram" kanalına istinadən xəbər verir ki, zərbələr nəticəsində "Slavneft-YANOS" NEZ-də (Yeni Yaroslavl neft emalı zavodu) yanğın başlayıb.
Sözügedən müəssisə Rusiyanın ən böyük beş neft emalı zavodu siyahısına daxildir və ildə təxminən 15 milyon ton neft emal etmək gücünə malikdir.
Zavodda Avro-5 standartına cavab verən avtomobil benzini və dizel yanacağı, aviasiya kerosini, reaktiv mühərriklər üçün yanacaq, müxtəlif növ yağlar, bitum, parafin-mum məhsulları, aromatik karbohidrogenlər, mayeləşdirilmiş qazlar və soba mazutu istehsal olunur.
Ukraynaya məxsus dronlar daha əvvəl də bu NEZ-i hədəfə alıb. Xüsusilə də, zavod zərbələrdən sonra bir neçə dəfə yanğına məruz qalıb.
Qubernator Mixail Yevrayev bildirib ki, Yaroslavl vilayətində indiyədək ən kütləvi PUA hücumunun qarşısı alınıb. O, 88 pilotsuz aparatın zərərsizləşdirildiyini, ölən və yaralananların olmadığını qeyd edib.
"Bir fərdi ev yanıb, bir neçə çoxmənzilli binanın pəncərələri qırılıb, sakinlərin şəxsi avtomobillərinə ziyan dəyib. Zərərçəkənlərin hamısına müvafiq kompensasiya ödəniləcək", - deyə qubernator əlavə edib.