"Aprelin 25-də saat 02:30-da Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə rayon ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı 3 nəfər (1 qadın, 2 kişi) hospitalizasiya olunub".
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Qeyd olunub ki, müxtəlif bədən xəsarətləri alan şəxslərin hər birinə zəruri tibbi xidmətlər göstərilib:
"Vəziyyətləri orta ağır qiymətləndirilən 2 nəfərin (kişi) müalicəsi müvafiq şöbədə davam etdirilir. Göstərilən bütün reanimasiya tədbirlərinə baxmayaraq, saat 03:15-də 1958-ci il təvəllüdlü şəxsin isə (qadın) ölüm faktı qeydə alınıb".
Məhərrəm Əliyev
Şəkidə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə bu gün gecə saat 2 radələrində Qaraməryəm-İsmayıllı-Şəki yolunun Şəki rayonunun Köbər Zəyzid kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Elsevər İsmayılovun idarə etdiyi "Mercedes" markalı avtomobil ağaca çırpılıb. Nəticədə nəqliyyat vasitəsində olan sərnişinlər - 49 yaşlı Rizvan İsmayılov və onun anası 68 yaşlı Tamilə İsmayılova xəsarət alıb. T.İsmayılova aldığı xəsarətlərdən xəstəxanada vəfat edib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Oxu.Az-a bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.