Keçmiş braziliyalı MMA döyüşçüsü Qodofredo Kastro de Oliveyra (Qodofredo Pepey) noyabrın 9-da 38 yaşında ABŞ-nin Florida ştatındakı həbsxanada vəfat edib. O, həyat yoldaşına hücum etdikdən sonra iyun ayından etibarən orada saxlanılırdı.
Oxu.Az "Sherdog"a istinadən xəbər verir ki, döyüşçünün ölüm səbəbi rəsmi olaraq açıqlanmayıb, lakin onun dostu Roni Marianu Bezerra bunun intihar olduğunu bildirib.
Pepeyi iyun ayının sonunda Florida ştatının Dirfild-Biç şəhərində həyat yoldaşı Samaraya hücum etdikdən sonra həbs ediblər. O, həyat yoldaşını döyüb və ona polisə müraciət etməyə imkan verməyib.
Qeyd edək ki, Pepey MMA-da 22 döyüş keçirib ki, onların 14-ündə qalib gəlib, 7-sində isə məğlub olub. 2019-cu ildə rusiyalı Pavel Qordeyevlə daha bir döyüşü isə baş tutmamış sayılıb. Braziliyalı 2012-2018-ci illərdə UFC-də çıxış edib.