“Bavariya”nın futbolçusu Jerom Boatenq İngiltərə və Azərbaycan yığmalarına qarşı oyunlara klubun baş məşqçisi Karlo Ançelotti ilə məsləhətləşmələrə əsasən çağırılmayıb.
Oxu.Az xəbər verir ki, Report-un məlumatına görə, bu barədə italiyalı mütəxəssisin özü açıqlama verib.
O, 29 yaşlı müdafiəçi ilə əlaqədar Bundestimin baş məşqçisi Yoahim Lövlə danışdığını bildirib:
“Lövə dedim ki, Boatenqin durumu milliyə münasibdir. Lakin ona fiziki vəziyyətini daha da yaxşılaşdırmaq üçün vaxt lazımdır”.
“Bavariya” Bundesliqanın XXV turunda Mönhenqladbax “Borussiya”sının qonağı olacaq. Ançelotti martın 19-da keçiriləcək görüşdə Boatenqə bir neçə dəqiqə şans vermək istədiyini də əlavə edib.
Qeyd edək ki, Almaniya millisi martın 22-də İngiltərə ilə Dortmundda yoldaşlıq görüşündə, martın 26-da isə Bakıda Azərbaycanla 2018-ci il dünya çempionatının seçmə qrup matçında üz-üzə gələcək.
E.Ə.www.oxu.az