Azərbaycanın kişilərdən ibarət cüdo yığma komandasının 3 üzvü 17-19 fevral tarixlərində İsrailin paytaxtı Təl-Əvivdə keçiriləcək “Böyük Dəbilqə” turnirində iştirak edə bilməyəcək.
Oxu.Az xəbər verir ki, buna səbəb onların testinin pozitiv çıxmasıdır. Beynəlxalq Cüdo Federasiyasının (BCF) müəyyən etdiyi protokola uyğun olaraq, səfərdən öncə heyət üzvlərinin hamısından PCR testi götürülüb.
Turnirdə iştirakı planlaşdırılan idmançımız Elcan Hacıyevdə (-81 kq) testin nəticəsi pozitiv çıxdığı üçün onun adı heyət üzvlərinin siyahısından çıxarılıb. Digər idmançılarımızda testin nəticəsi neqativ olduğu üçün müvafiq sənədlər BCF-in elektron qeydiyyat sistemi üzərindən təşkilatçılara göndərilib və bütün müvafiq prosedurlar yerinə yetirildikdən sonra heyət üzvləri İsrailə yola düşüb.
BCF-in qaydalarına əsasən, iştirakçılar yarışın keçiriləcəyi yerə çatdıqdan sonra daha bir dəfə test verməlidirlər. Azərbaycan milli yığmasının üzvləri dünən Təl-Əviv şəhərinə çatdıqdan sonra onlardan bütün digər ölkələrin nümayəndələrindən olduğu kimi, yenidən PCR testi götürülüb. Təəssüf ki, Bakıda PCR testinin nəticəsi neqativ çıxan iki idmançımız – millinin kapitanı Rüstəm Orucov (-73 kq) və Murad Fətiyevdə (-81 kq) bu dəfə testin nəticəsi pozitiv çıxıb.
BCF-in qaydalarına əsasən, pozitiv PCR nəticəsi olan heyət üzvləri yarışlara buraxılmır və ayrıca otaqlarda təcrid edilirlər. Qeyd edək ki, hazırda pozitiv PCR nəticəsi olan milli komanda üzvləri İsrail dövlətinin qaydalarına əsasən 5 günlük karantinə alınıb.
Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, heyət üzvlərimiz özlərini yaxşı hiss edirlər, sağlamlıqlarında ciddi durum yoxdur və daimi həkim nəzarəti altındadırlar.
Beləliklə, bu gün başlayan yarışda 12 yox, 9 kişi cüdoçumuz mübarizə aparmalı olacaq.
Xatırladaq ki, daha əvvəl ötən ay Portuqaliyada keçirilmiş Qran-pri öncəsi milli üzvlərində kütləvi koronavirusa yoluxma faktı aşkara çıxmışdı.