Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Cəbrayıl Həsənov: Yaxınlarım ikinci yer tutmağımdan bezmişdilər
Sərbəst güləş millimiz Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında uğurlu çıxışı ilə yadda qaldı. Üç qızıl medal qazanan komandamız topladığı xallara görə Avropanın üçüncüsü oldu.
Qızıl medal qazanan idmançılarımızdan biri də Cəbrayıl Həsənov oldu.
79 kq çəki dərəcəsində mübarizə aparan Cəbrayıl bununla da üçüncü dəfə Avropanın ən güclüsü olmağı bacardı.
Oxu.Az-ın əməkdaşı Cəbrayıl Həsənovla söhbətləşib:
– Sonuncu dəfə 2011-ci ildə Almaniyanın Dortmund şəhərində Avropa çempionu olmuşdunuz. Güləşsevərləri səkkiz il gözlətməyinizin səbəbi nə idi?
– 2011-ci ildən sonra dünya və Avropa çempionatlarından, Olimpiya Oyunlarından ancaq gümüş və bürünc medalla qayıdırdım. Həqiqətən, bundan özüm də yorulmuşdum. Yarışdan gələndə məni təbrik etmirdilər. Deyirdilər ki, gümüş və ya bürünc medalla qayıdacağını bilirdik. Öz yaxınlarım da, müəllimlərim də, jurnalistlər də yaxşı mənada mənim ikinci və üçüncü yer tutmağımdan bezmişdilər.
Düzdür, dünya və Avropa çempionatlarında, Olimpiadada yer tutmaq böyük uğurdur. Amma onlar məndən qızıl medal gözləyirdi.
Çox yarışlarda sonuncu saniyələrdə arxayınlaşma səbəbindən qələbəni əldən vermişəm. Məsələn, Olimpiadanın yarımfinalında 4:0 öndə olduğum görüşdə, 4:5 hesabı ilə uduzmuşam. Ötən Avropa çempionatının yarımfinalında 3:0 qalib gəldiyim halda, 4:6 uduzaraq finaldan məhrum oldum. Arxayınlaşmağın qurbanına çevrildim.
– Dünya çempionu ola bilməmisiniz, Bakıda keçirilmiş Avropa Oyunları və İslam Həmrəyliyi Oyunlarında da qızıl medal qazanmamısınız. Sizi həm də bəxtsiz idmançı adlandırmaq olar?
– Bütün bunları öz səhvlərimlə əlaqələndirirəm. Elə yarışlar olub ki, çəkini düz salmamışam. Psixoloji olaraq hazırlıqlı olmamağıma görə qalib gələ bilməmişəm. Amma bu yarışa tam hazır getmişdim.
Nə olur-olsun, qızıl medalı qazanmağı çox istəyirdim. Daha çox bayaq dediyim, barəmdə gəzən söz-söhbətlərə son qoymaq üçün buna nail olmağa çalışırdım. Şükürlər olsun ki, buna müvəffəq olub üçüncü dəfə Avropa çempionu oldum və neçə illik həsrətə son qoydum (gülür).
– Üçüncü dəfə Avropa çempionu olduqdan sonra populyarlığınızın bir qədər də artdığını hiss edirsiniz?
– Mənim üçün həmin həyatdır. İlk dəfə Avropa çempionu olsaydım, bəlkə də, bunu hiss edərdim. Şükürlər olsun ki, idman aləmində bir az da olsa, tanınıram. Amma açığı, bu dəfə Avropa çempionu olduqdan sonra “Instagram”da izləyicilərimin sayının artdığını gördüm.
– Qonaqlıq olacaq?
– Bu yaxınlarda olmalıdır.
– Doğulduğunuz Astarada, yoxsa Bakıda?
– Bakıda. Öz idmançı dostlarımla yığışacağam.
– Finalda qarşılaşmalı olduğunuz avar güləşçisi Əhməd Hacıməhəmmədov ötən ilin Avropa çempionu idi. Zədələndiyi üçün döşək üzərinə çıxa bilmədi...
– Hardasa beş il bundan qabaq onunla güləşmişəm. 3:0 qalib gəldiyim görüşdə sonradan ona uduzmuşam. Ötən Avropa çempionatı isə Dağıstanda keçirilirdi. Onda hakimlər yerli idmançı idi deyə ona simpatiya bəslədilər və uduzdum. Özü də demişdi ki, bu çempionatda əsas rəqibi mənəm.
Finalda qarşılaşsaydım, kimin qalib olacağını deyə bilmərəm. Amma həqiqətən, maraqlı görüş olacaqdı. İstəməzdim ki, o zədələnsin. Sabah o şey mənim də başıma gələ bilər. Qismət belə imiş.
– Sərbəst güləş millimizin kapitanısınız. Bu ad sizə yarışlar zamanı basqı yaradır?
– Həqiqətən, komandada məndən də titullu idmançılar var. Şərif Şərifov Olimpiya çempionudur, Hacı Əliyev üçqat dünya çempionatının qalibidir. Amma məşqçilər korpusu məni kapitan seçib. Əvvəl Xetaq Qazyumov idi. O da Azərbaycana medal qazandırırdı. Kapitan olduqdan sonra yarışlardan medalsız qayıtmıram. Bilirəm ki, böyük məsuliyyət daşıyıram. Çünki gənclər məndən örnək götürməlidir.
– 2010-cu ildə ilk dəfə Bakıda Avropa çempionu olmusunuz. Sizin üçün 2011 və 2019-cu illərdəki Avropa çempionluğunuzdan hansında şirinlik var?
– Builki Avropa çempionluğunu çoxdan gözləyirdim. Bunun üçün yaxşı təlim-məşq toplanışları keçmişdim. Şükürlər olsun ki, qara zolaqdan çıxdım. Ona görə də Buxarestdə qazandığım qızıl medal daha şirin gəlir.
– Sərbəst güləşdə ən yaxın dostlarınız kimdir?
– Hacı Əliyev, Toğrul Əsgərov, Ağahüseyn Mustafayev. Daima bir yerdəyik, bir vaxtda güləşə başlamışıq. Ağahüseynin rus və erməni dünya çempionlarını udması maraqlı alındı. Onun erməniyə qalib gələcəyini gözləsək də, rusiyalı ikiqat dünya çempionu Məhəmmədrəsul Qazıməhəmmədova qalib gəlməsi gözlənilməz oldu.
İlk dəfə böyüklər arasında mötəbər turnirdə medal qazanaraq tilsimi qırdı və medal həsrətinə son qoydu. O, bəlkə də, güləşi bizdən çox bilir. Həmişə ona deyirdik ki, güləşi bizdən çox bilsən də, hələ Azərbaycana medal qazandırmamısan (gülür). Şükürlər olsun ki, o da bunu bacardı. Finalda da uduzmağı, bəlkə də, arxayınlaşmağa görə oldu.
– Bildiyimizə görə, bir məktəbdə oxumusunuz...
– Elədir. O məndən bir sinif yuxarı oxuyub. İkimiz də Olimpiya İdman Liseyini bitirmişik.
– Rəsul Çunayev yaxınlarda idman zalı açdı. Siz də belə edəcəksiniz?
– Yox, mənim fikrimdə güləş zalı açmaq var. İstəyirəm ki, öz şəxsi zalım olsun və ordan öz yetirmələrimiz çıxsın. Qismət olarsa, gələcəkdə millidə də işləyərik.
– Bildiyim qədərilə, futbolu sevirsiniz. Bu idman növünün həyatınızdakı rolu nə qədərdir?
– Futbolçu olsaydım, 35-36 yaşadək oynayardım (gülür). Bayaq Toğrul Əsgərovla da danışırdım, bizi futbola çağırıblar. Futbol olsa, hər gün oynayaram. Arada Qara Qarayevlə Mirhüseyn Seyidovla top dalınca qaçırıq. Uşaq vaxtı futbolçu olmaq istəmişəm. Rayon ikincisi olmuşam bir dəfə. Özü də özümdən böyüklər arasında kapitan idim. Həm güləşə, həm də futbola getmişəm.
Rəhmətlik atam güləşçi olmağımı istəyirdi. Bundan sonra tək güləşin dalınca getdim. Çox şükür ki, bu idmanı seçib uğurlar əldə etmişəm. Buna görə peşman deyiləm. Amma futbolçu olsaydım, yəqin ki, hücumçu olacaqdım. Qara Qarayevə görə “Qarabağ”a azarkeşlik edirəm.
– Boş vaxtlarınızı necə keçirirsiniz?
– Dostlarla görüşürük, futbol oynayırıq. Bəzən vaxt olanda rayona gedirəm. Domino, “play-station” oynayırıq.
– Dominoda ən çox kiminlə tərəf müqabili olursunuz?
– Mənim tərəf müqabilim Toğrul Əsgərovdur. Qarşı tərəfdə isə Qara Qarayev və dostumuz Hikmətdir. Biz onları udmuşuq, indi revanşa çağırıblar. Bir də balıq tutmağı sevirəm. Əvvəl futbolçu Ruslan Əmircanova deyirdik ki, sən 3-4 saat necə səbir edib balıq tutursan?! İndi özüm də gedib dincəlirəm.
– Ruslan Əmircanovla yaxınsınızsa, deməli, Kamran Ağayevlə də yaxınsınız...
– Elədir. Futbolçuların çoxu ilə dostuq.
– Bu cütlük yan-yana gələndə meyxana deyir. Sizi də deməyə vadar ediblər?
– Mən deməmişəm (gülür). Amma Ruslan, Kamran və millimizin keçmiş güləşçisi Əşrəf Əliyev üçlükdə meyxana deyəndə biz də orada olmuşuq.
– Sentyabrda Qazaxıstanda dünya çempionatı baş tutacaq. Orada əsas rəqibiniz kimi keçən il finalda uduzduğunuz amerikalı Kayl Deyki göstərmək olar?
– Onunla keçən il Dünya Kubokunda da güləşmişdim. Orada 3:5 hesabı ilə uduzmuşdum. Amma Dünya Kuboku ABŞ-da keçirildiyindən, Budapeştdəki dünya çempionatında ona qalib gələcəyimi düşünürdüm. 0:2 hesabı ilə geridə olanda özüm məşqçilərin demədiyi taktika ilə güləşdim. Fikirləşdim ki, son 30 saniyədə iki xal alaram. Amma finalda uduzdum. Növbəti dəfə ona düzgün taktika ilə qalib gələcəyimə inanıram. Dünya çempionatında əsas rəqibim o və Rusiyadan güləşçi olacaq.
Səbuhi MUSAYEV
FOTO: Ramil ZEYNALOV
Rəylər