Çilinin “Audax İtaliano” klubunun futbolçusu Sebastian Pol həbs edilib.
Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, buna argentinalı futbolçunun azarkeşlərdən birini döyməsi səbəb olub.
Belə ki, “Audax İtaliano” Çili çempionatının X turunda səfərdə “Universidad Katolika”ya məğlub olub – 1:4. Pol meydanı tərk edən zaman gözlənilmədən tribunaya qalxıb və rəqib azarkeşlərdən birini döyməyə başlayıb. O, bu hadisədən dərhal sonra polislər tərəfindən həbs olunub.
Polun döydüyü Kristobal Aztorquiza verdiyi açıqlamada məhkəməyə müraciət edəcəyini deyib: “O, məni üz nahiyəmdən vurdu. Mən futbolçunun belə edəcəyini gözləmirdim, yoxsa özümü müdafiə edərdim. Məsələ ilə bağlı məhkəməyə müraciət edəcəm. Ümid edirəm ki, o, ən layiqli cəzasını alacaq”.
Qeyd edək ki, Polun 2 il azadlıqdan məhrum ediləcəyi gözlənilir.
A.M.