Bakı 2015 - I Avropa Oyunlarının keçirilməsi üçün nəzərdə tutulmuş bütün obyekt və qurğular 2015-ci il fevralın 1-dək istifadəyə veriləcək.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, bunu eksklüziv açıqlamasında gənclər və idman naziri Azad Rəhimov bildirib.
Nazirin sözlərinə görə, Bakı 2015 - I Avropa Oyunlarının keçirilməsi üçün nəzərdə tutulmuş bütün tikilməkdə və təmirdə olan idman obyektlərində qrafiklər, cədvəllər müəyyən edilib:
“Hələ ki, bu qrafikdən hər hansı kənaraçıxma halı qeydə alınmayıb. Biz hər gün, hər həftə işlərin gedişinin həmin qrafikə uyğunluğunu yoxlayırıq. Gənclər və İdman Nazirliyinin tərkibində tikilməkdə olan obyektlərə nəzarət edən qurum var.
Həm onların texniki nəzarətçiləri, həm də işləri aparan şirkət və təşkilatların nümayəndələri işlərin gedişini daim izləyirlər. Çünki tapşırıq verilib ki, 1 fevral 2015-ci ilədək bu obyekt və qurğular tam hazır olub istifadəyə verilməlidir. Hələ ki, müəyyən edilmiş qrafikdən kənara hər hansı sapmalar qeydə alınmayıb və inşallah, olmayacaq”.
Qeyd edək ki, “Bakı 2015” gələn il 12-28 iyun tarixlərində keçiriləcək. (Trend).