Futbol üzrə Azərbaycan yığma komandasının üzvü Mahir Emreli Almaniyada qalmaqala səbəb olan addım atıb.
Oxu.Az "Bild" nəşrinə istinadən xəbər verir ki, II Bundesliqa təmsilçisi olan "Kayzerslautern"in 28 yaşlı hücumçusu keçmiş komanda yoldaşının vurduğu qolu sosial şəbəkə hesabında bəyənib.
Məlum olub ki, azərbaycanlı forvard "Nürnberq"də bir yerdə oynadığı 33 yaşlı Robin Knoşun məhz "Kayzerslautern"ə vurduğu qolun paylaşımını "like" edib.
Özü də "Nürnberq"in kapitanı final fitindən az əvvəl qol vuraraq "Kayzerslautern"i qələbədən məhrum edib. Futbolçunun belə addım atması klubda böyük narazılığa yol açıb.
Almaniya nəşri yazır ki, görünür, "Kayzerslautern"də işləri qaydasında getməyən Emreli klubunun xal itirməsindən zövq alır:
"Betzenberqə köçdükdən sonra hücumçunun işləri yaxşı getmir. O, "Kayzerslautern"də cəmi üç oyun keçirib, sonuncu dəfə avqustda meydana çıxıb. Rəsmi məlumata görə, qrip infeksiyasına tutulması onu keçmiş klubuna qarşı oyundan kənarda qoyub".
Almaniya qəzeti yazıb ki, Emreli milli komandaların oyunları zamanı yaranan fasilə zamanı sosial şəbəkə hesabında klubunda heyətə düşməməsindən şikayətlənib:
"Bundan sonra baş məşqçi Torsten Liberkneht ilə futbolçu arasında münasibətlərin yaxşılaşdırılması istiqamətində söhbət olub. Çalışdırıcının nəhayət, futbolçunu meydana buracağı ehtimal olunduğu bir vaxtda Emreli yenidən sosial mediada səs-küyə səbəb olub".
Xatırladaq ki, Emreli "Kayzerslautern"ə yayda "Nürnberq"dən transfer olunub.
