“Rəqibi tam analiz etmişik, futbolçularımıza onlar haqda bütün məlumatları bildirmişik. Oyuna ciddi yanaşırıq. Matça tam hazırıq, start fitini gözləyirik. Meydanda qalib gəlmək üçün əlimizdən gələni edəcəyik. Hansı komanda olduğumuzu bilirik. Amma bu, o demək deyil ki, rəqibi ciddiyə almırıq. Rəqibin kimliyinin fərqi yoxdur. Futbolçularım oyuna tam hazırdır”.
Oxu.Az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Füzuli Məmmədov Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində Şimali Makedoniya təmsilçisi “Şkupi” ilə oyundan əvvəl təşkil olunmuş mətbuat konfransında bildirib.
O qeyd edib ki, bu oyundan əvvəl transfer etmək istəsələr də, alınmayıb: “Hücumçu mövqeyi çox çətin məsələdir. Bəyəndiyimiz oyunçular var. Bəzən özləri gəlmək istəmir, bəzən ailələri istəmir, bəzən də maliyyə danışıqlarımız uğurlu alınmır. Seçdiyimiz hücumçu var, danışıqlarımız artıq bitib. Pandemiya ilə əlaqədar sənədləşdirmə işləri sərtləşib. Düşünürəm ki, çempionatın növbəti oyununa kimi yeni hücumçu komandaya qatılmalıdır”.
F.Məmmədov baş məşqçi kimi Avrokuboklarda debüt etdiyi üçün həyəcanlı olduğunu da vurğulayıb: “Avrokubokda baş məşqçi kimi ilk oyunumdur. Elə bir insanam ki, meydana yalnız qələbə üçün çıxmışam. Futbolçu və ya məşqçi kimi olmağın fərqi yoxdur”.