Dekabrın 17-i saat 22:40-da bir nəfər (kişi) Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Ağdam Rayon Mərkəzi Xəstəxanasından bildirilib.
Məlumatda qeyd olunub ki, 1982-ci il təvəllüdlü şəxsə qapalı kəllə-beyin travması, bədənin müxtəlif nahiyələrinin termiki yanığı, sol said nahiyəsinin açıq yarası diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib:
"İxtisaslı tibbi xidmətin göstərilməsi üçün pasiyent saat 23:30-da Mingəçevir şəhərində özəl tibb müəssisəsinə təxliyə olunub".
Məhərrəm Əliyev
Dekabr ayının 17-də Ağdam rayonunun Çəmənli kəndi ərazisində mina hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, məsələ ilə bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb.
Qeyd olunub ki, 1982-ci il təvəllüdlü Sarıcalı kənd sakini Qədir Malik oğlu Məmmədov keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə traktorla yer şumlayarkən tank əleyhinə mina partlayışı nəticəsində xəsarət alıb.
Xəsarət alan şəxs xəstəxanaya təxliyə edilib.
Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.
ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır!