2013-cü ildə Azərbaycan Mərkəzi Bankı tərəfindən 2,5 mlrd. ABŞ dolları həcmində valyuta sterilizasiyası həyata keçirilib. Valyuta sterilizasiyası 2012-ci illə müqayisədə 55% çox olub.
Oxu.Az xəbər verir ki, bu barədə AMB-nin “Pul Siyasəti İcmalı”nda deyilir.
2013-cü il ərzində məzənnə siyasəti valyuta bazarında tələb və təklif arasında tarazlığın təmin olunmasına və bu əsasda manatın ABŞ dollarına qarşı məzənnəsinin sabitliyinə yönəldilib.
İl ərzində Mərkəzi Bank özünün məzənnə siyasətini dəhliz daxilində ABŞ dolları/manat ikitərəfli məzənnəsinin hədəflənməsi çərçivəsində həyata keçirib.
Ölkənin xarici sektorunda iri həcmli profisitin mövcud olması şəraitində valyuta bazarında təklif tələbi üstələyib. Lakin məzənnənin əhəmiyyətli möhkəmlənməsinin qarşısını almaq və bununla da qeyri-neft sektorunun rəqabət qabiliyyətinə neqativ təsirləri aradan qaldırmaq üçün AMB tərəfindən il ərzində 2,5 mlrd. dollar həcmində valyuta sterilizasiyası həyata keçirilib.
2013-cü il ərzində manatın ABŞ dollarına qarşı məzənnəsi demək olar ki, dəyişməyib və cəmi 0,06% möhkəmlənib.
Məzənnənin standart deviasiyası da çox kiçik (0,00017) olub. Milli valyutanın məzənnəsinin sabitliyi ölkədə makroiqtisadi mühitə və maliyyə sektorunun sabitliyinə müsbət təsir göstərib.
Manatın nominal ikitərəfli məzənnəsinin dinamikası real ikitərəfli məzənnələrin dəyişməsinə təsir göstərib.
Manat ABŞ, Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, İran, Qazaxıstan və Yaponiya milli valyutalarına nəzərən həm nominal, həm də real olaraq möhkəmlənib.
Gülnarə Zeynalova
www.oxu.az