Vergilər Nazirliyi Azərbaycanda ilk dəfə keçiriləcək I Avropa oyunları ərəfəsində nağdsız ödənişlərin həyata keçirilməsinin təmin edilməsi üçün POS-terminalların quraşdırılması və onlardan istifadə qaydalarına əməl olunması ilə bağlı tədbirləri davam etdirir.
Oxu.Az-a nazirlikdən verilən məlumata görə, Bakı və Mingəçevir şəhərlərində, xüsusilə də I Avropa oyunları keçiriləcək 18 arena və onların ətrafinda yerləşən təsərrüfat subyektlərində yerləşən müxtəlif ticarət, əyləncə, ictimai-iaşə və s. obyektlərində POS-terminalların quraşdırılması başa çatdırılıb.
Bakı şəhəri üzrə 53 min 700, Mingəçevir şəhəri üzrə isə 1929 ədəd POS-terminalın quraşdırılması təmin edilib, I Avropa Oyunları keçiriləcək arenalar və onların ətrafında yerləşən obyektlərdə POS-terminallardan istifadə olunma qaydalarına əməl olunmasının nəzarətdə saxlanılması üçün həmin ərazilərə vergi orqanlarının əməkdaşları təhkim edilib.
Bütövlükdə ölkədə quraşdırılmış POS-terminalların sayı 86 minə çatib ki, onların da 62,4%-i Bakı şəhərinin, 37,6%-i isə digər şəhər və rayonların payına düşür.
Ülviyyə R. Əli
www.oxu.az