“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC Həştərxanda daimi ofisini açıb.
Oxu.Az astrobl.ru –ya istinadən xəbər verir ki, bu məqsədlə QSC-nin sədri Rauf Vəliyev-in başçılıq etdiyi nümayəndə heyəti və sədrin müavini Fərhad Quliyev, köməkçisi Kərim Soltanov, “Kaspian Marina Servisis” şirkətinin direktoru Zamiq İsmayılov Həştərxan vilayətində olublar.
Məlumata görə, QSC-nın sədri Rauf Vəliyev vilayət qubernatoru Aleksandr Jilkinlə görüşüb.

Görüşdə qeyd edilib ki, bu gün Həştərxanda “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” nin daimi ofisinin açılması hələ cari ilin may ayında Həştərxandan gələn nümayəndə heyətinin Bakı səfəri çərçivəsində aparılan görüşlərin və danışıqların nəticəsidir.
“Bu gün biz filial yox, bütöv bir şirkətin açılışını etdik. O, Həştərxanda qeydiyyatdan keçib. Şirkətimiz regionla əməkdaşlıq baxımından hər cür imkandan yararlanacaq. O cümlədən “Lotos” xüsusi iqtisadi zonanın layihələrində iştirak etmək niyyətindəyik”, - R.Vəliyev görüşdə bildirib.
Ülviyyə R. Əli
www.oxu.az