Azərbaycanda yüz faizlik “halal” mal yoxdur. Sadəcə “halal” standartlarına maksimal şəkildə uyğunlaşdırılan mallar, ərzaqlar var və panikaya düşmək lazım deyil, bu yalnız bizim problem deyil.
Oxu.Az haqqin.az-a istinadən xəbər verir ki, bu barədə ekspert, Azərbaycanın Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib.
Onun sözlərinə görə, halal standartlı kolbasa və sosislərin hazırlanma prosesi çox mürəkkəbdir və bir sıra nüansların riayət edilməsini tələb edir:
“Yəni nəzəri olaraq, halal kolbasa və sosislərin istehsalını modelləşdirmək olar, təcrübədə isə bu, demək olar ki, realizə edilməsi mümkün olmayan bir məsələdir. Bununla yanaşı, mən bəzi ərzaqların “halal” standartlarına uyğun olduğuna inanıram. Məsələn, çay. Onun istehsalat prosesi daha şəffaf və “halal” məhsul istehsalı üçün nəzərdə tutulan bütün nüanslara riayət edilməsi problematik deyil”, - AİB rəhbəri bildirib.
“Halal” kolbasa və sosis istehsalı üçün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) nəzdində fəaliyyət göstərən AzSert təşkilatından icazə alan yerli müəssisələrə gəldikdə isə ekspert qeyd edib ki, onlar yetərli kvalifikasiyaya malik deyillər.
“Yerli mağazalarda satışa çıxarılan malların normalara müvafiq olduğuna tam zəmanət vermək üçün, onların istehsalat prosesini izləmək lazımdır.
Bundan başqa, bu prosesi istehlakçılar üçün daha şəffaf etmək lazımdır. Yalnız bu zaman mağaza piştaxtalarına çıxarılan malların arasında “halal” adına uyğun gəlməyən malların çıxarılma riskini minimuma endirmək olar”, - E.Hüseynov deyib.