“Xızı şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin ikinci mərhələsi üzrə işlərə başlanılacaq.
Oxu.Az xəbər verir ki, “Azərsu” ASC-nin mətbuat xidmətindən verilən məlumata görə, tikinti-quraşdırma işlərinə 2014-cü ilin noyabr ayında başlanılacaq.
“İkinci mərhələdə Şəfa su mənbəyində sutkalıq məhsuldarlığı 240 kubmetr olan sugötürücü qurğu tikiləcək, Xızı şəhərində hər birinin həcmi 1000 kubmetr olan 2 ədəd, Altıağac qəsəbəsində isə hər birinin həcmi 400 kubmetr olan 4 ədəd su anbarı inşa ediləcək. Layihə çərçivəsində istehlakçıların mərkəzləşdirilmiş qaydada içməli su və kanalizasiya xidmətlərindən yararlanması üçün 42,1 km paylayıcı su, 30,4 km kanalizasiya xətti çəkiləcək, hər bir ünvana birləşmə verilərək bütün abunəçilər smart-kart sayğaclarla təmin olunacaq. Bundan başqa layihə çərçivəsində inzibati bina, laboratoriya və digər istehsalat binalarının tikintisi, o cümlədən maşın-mexanizmlərin alınması planlaşdırılır”, - məlumatda deyilir.
Hazırda layihənin icrası ilə əlaqədar podratçı şirkətin seçilməsi üzrə tender prosedurasına hazırlıq görülür.
“Layihənin üçüncü mərhələsində yaranacaq tullantı sularının təmizlənməsi məqsədi ilə Xızı şəhərində sutkalıq məhsuldarlığı 1500 kubmetr, Altıağac qəsəbəsində isə 350 kubmetr olan çirkab sutəmizləyici qurğu tikiləcək”, - məlumatda deyilir.
Qeyd edək ki, “Xızı şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi Xızı şəhərində 3294, Altıağac qəsəbəsində 1423, eləcə də Baxışlı, Tıxlı, Xələç kəndlərində 1562 nəfər olmaqla umumilikdə 6279 nəfərin su təchizatı və kanalizasiya xidmətlərinin əsaslı şəkildə yaxşılaşmasına hesablanıb.
Gülnarə Zeynalova
www.oxu.az