Aprelin 14-də Nəqliyyat Nazirliyində Bakı-Tbilisi-Qars yeni dəmir yolu bağlantısı layihəsi üzrə Koordinasiya Şurasının 22-ci iclası keçirilib.
Bu barədə Oxu.Az-a Nəqliyyat Nazirliyindən məlumat verilib.
Nazirliyin məlumatına görə, iclasda 2014-cü ildə layihə üzrə icra edilən işlər, dəmir yolu bağlantısının mövcud vəziyyəti, həyata keçirilməsi nəzərdə tutulan tədbirlər, eləcə də 2015-ci ilin büdcəsinin təsdiqi və digər məsələlər, dəmir yolunun tikintisində hazırkı vəziyyət və görüləcək işlər müzakirə olunub.
“İclasda, həmçinin, dəmir yolunun Marabda-Kartsaxi hissəsinin inşası və yenidən qurulması məsələləri, həmçinin beynəlxalq əhəmiyyətli bu layihənin tikintisi ilə bağlı digər məsələlər ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb”, - nazirliyin məlumatında deyilir.
Qeyd edək ki, iclasda Gürcüstan Respublikası Baş nazirinin müavini, İqtisadiyyat və davamlı inkişaf naziri, Koordinasiya Şurasının həmsədri Georgi Kvirikaşvilinin və Nəqliyyat nazirinin müavini Musa Pənahov iştirak edib.