Bakı-Tiflis-Qars (BTQ) dəmiryol layihəsi Türkiyə, Azərbaycan və Gürcüstanın iqtisadi və ticarət potensiallarını artırmaqla yanaşı, Qafqaz inteqrasiya nəqliyyat dəhlizlərinin də əhəmiyyətli hissəsini təşkil edir.
Oxu.Az SalamNews-a istinadən xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilənə görə, İpək yolunun yenidən canlandırılmasına səbəb olacaq layihə Pekin-London marşrutunda və əsasən Avrasiya səviyyəsində dəhliz təsis edəcək.
BTQ dəmiryolu-dənizyolu nəqliyyat vastəsi Xəzər dənizindəki liman fəaliyyətinin inkişafına da təkan verəcək.
Araşdırmalara görə, Bakı-Tiflis-Qars xətti ilə ilk mərhələdə ildə 1 milyon sərnişin, 6,5 milyon ton yük daşınacaq. Qısa müddətdə 3 milyon sərnişin, 17 milyon ton yük daşınılması səviyyəsinə çatması təxmin edilir.
Bakı-Tiflis-Qars tam mənası ilə fəaliyyətə keçdikdən sonra şübhəsiz ki, sadəcə Türkiyə və Azərbaycan-ın deyil, ümumiyyətlə, marşrut üzərindəki ölkələrin və bölgənin iqtisadiyyatına əhəmiyyətli hərəkətlilik gətirəcək.