Bakının mərkəzində Dənizkənarı milli parkın ərazisində möhtəşəm “Aypara” kompleksinin tikintisi dayandırılıb. Bir milyard dollar dəyəri olan layihə hotel, biznes-mərkəzi və yaşayış kompleksinin inşasını nəzərdə tuturdu. Hazırda bütün binalarda işlər dayandırılıb. Ekstravaqant memarlıq ansamblının hələ 2015-ci ildə təhvil verilməsi planlaşdırılırdı və bu layihə Bakıda nə vaxtsa inşa edilmiş ən dəbdəbəli layihələrdən biri olmalı idi.
Oxu.Az xəbər verir ki, haqqin.az-ın müxbirləri “Aypara” kompleksinin tikinti meydançasında olublar. Ödənişli parkinqin işçilərinin sözlərinə görə, hazırda burada heç bir iş aparılmır.
“Dənizdə inşa edilən binalarda artıq 4-5 aydır ki, ümumiyyətlə, bütün işlər dayandırılıb. Biz artıq neçə aydır ki, orada tikinti işçilərini görmürük. Kompleksin yalnız yaşayış üçün nəzərdə tutulmuş hissəsində hansısa işlər gedir, amma orada da fəal iş getmir”, - parkinq işçiləri bildirib.
İnşa edilən kompleksin gözətçisi jurnalistləri tikinti sahəsinə buraxmaqdan qəti şəkildə imtina etdi.
“Rəhbərlikdən heç kim yoxdur, xüsusi icazə olmadan əraziyə kənar şəxslərin buraxılması qadağandır”, - mühafizəçi bildirib və əlavə edib ki, işlər dayandırılmayıb.

“Bəli, “Aypara” hotelinin inşaatında işlər dayandırılıb, amma kompleksin digər hissələrində işlər gedir. Mən altı aydır burdayam, bu zaman ərzində tikinti gedir”, - mühafizəçi iddia edib.
“Aypara” kompleksinin inşası ilə məşğul olan “İlk Construction” şirkətində çox həvəssiz şəkildə şirkətin rəhbəri Eren Gündoğanın Türkiyədə olduğunu bildirdilər. “Bu səbəbdən də biz suallarınıza cavab verə bilməyəcəyik. İki gün sonra o, geri dönəcək, həmin zaman ona şəxsən sualları verə bilərsiniz”, - deyə şirkətin əməkdaşı inşaat işlərinin dayanmasına dair sualdan yayındı.
Qeyd edək ki, kompleksin tikintisi Bakı buxtasının “Crescent Palace” (Aypara sarayı), “Crescent City” (Aypara şəhəri) və “Crescent hotel” (Aypara hotelinin) daxil olduğu qərb və şərq hissələrində 2013-cü ildən aparılır. Bir milyard dəyəri olan kompleksi Dəniz vağzalının yanında ucaldılması planlaşdırılırdı. Memarlıq layihəsi Cənubi Koreyanın “Heerim Architecs” şirkəti tərəfindən hazırlanıb.

Layihəyə görə, burada dünyada ilk dəfə BƏƏ-də istifadə edilən texnologiyaların tətbiqi nəzərdə tutulmuşdu. Belə ki, Bakıda süni ada yaradılıb, burada göydələn ucaldılması planaşdırılırdı.
“Aypara sarayı” 157,2 metr hündürlüyündə və 32 mərtəbədən ibarət olmalı idi. Sarayda 128 müasir mənzil yerləşir. 36 mərtəbəli hotelin hündürlüyü 166,6 metr olacağı ehtimal edilirdi. Ansamblın ən hündür binası “Aypara şəhəri” olmalı idi, hündürlüyü 203,8 metr nəzərdə tutulan bina 41 mərtəbəli olacaqdı.
“Dolunay körfəzi” və “Aypara sarayı” fasadı dənizədir. Hotellərin arxasında üç göydələn yerləşəcək, onların üçü yaşayış sektoru üçün nəzərdə tutulub. Dördüncü göydələndə ticarət mərkəzi yerləşəcək.
N.O.
www.oxu.az