2040-cı ilədək Abşeron yarımadası üzrə dəmiryol şəbəkəsinin ümumi uzunluğu 198 kilometrdən 280 kilometrə, stansiyaların sayı isə 26-dan 55-ə çatdırılacaq.
Bu barədə Bakı şəhərinin Baş Planı üzrə “Nəqliyyat şəbəkəsi” bölməsində məlumat verilib.
2027-ci ilin sonunadək Abşeron yarımadasında 20 sərnişin stansiyasının yenidən qurulması, aktivləşdirilməsi və inşası nəzərdə tutulur. Həmçinin, Biləcəri stansiyası ilə Bakı Dəmir Yolu Vağzalı arasında “Şimal-Cənub” istiqamətindəki dəhliz boyu dörd yeni stansiyanın tikintisi də nəzərdə tutulur.
Şəhər mərkəzinin yarımadanın şimal istiqaməti ilə birbaşa dəmiryol bağlantısının təmin edilməsi və dəmiryol nəqliyyatının əhatə dairəsinin genişləndirilməsi məqsədilə 2040-cı ilədək yeni “Binəqədi-Mehdiabad-Fatmai-Pirşağı” dəmir yolu dəhlizinin yaradılması planlaşdırılır.
