Bu gün Bakıda türk dünyasında sığorta və rəqəmsal texnologiyaların inkişafına həsr olunmuş "Türk Dövlətləri InsurTech" Sammitinin açılışı olub.
Oxu.Az xəbər verir ki, 2 gün davam edəcək tədbirdə sığorta bazarının rəqəmsal transformasiyası, süni intellekt, məlumat təhlükəsizliyi və müştəri mərkəzliliyi kimi aktual mövzular müzakirə olunacaq.
Sammitin açılış mərasimində Azərbaycan Mərkəzi Bankının Baş direktoru Vüsal Qurbanov, Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Müşahidə Şurasının sədri Ülviyyə Cabbarova və digər yüksək vəzifəli şəxslər çıxış ediblər.
Tədbirdə Qazaxıstan, Türkiyə, Özbəkistan, Qırğızıstan və Şimali Kipr Türk Respublikası rəsmiləri də iştirak edir, sığorta bazarlarında rəqəmsallaşma və "InsurTech" sahəsində həyata keçirilən islahatlar barədə təqdimatlar edəcəklər.
Sammitin birinci günündə "Türk ölkələrində sığorta bazarının tənzimləyici icmalı" və "Türk ölkələrində InsurTech perspektivi" adlı sessiyalarda Azərbaycan Mərkəzi Bankının nümayəndəsi Pənah Bənnayev və ASA-nın icraçı direktoru Elmar Mirsalayev çıxış edəcəklər.
Məruzələrdə regional bazarlarda rəqəmsallaşma səviyyəsi, tənzimləyici çərçivələr və gələcək inkişaf istiqamətləri müzakirə olunacaq.
Günün ikinci yarısında keçiriləcək "Sığorta Bazarının Təşviqi Panelləri" çərçivəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Şimali Kipr nümayəndələri öz ölkələrinin təcrübələrini bölüşəcəklər.
Bundan əlavə, Türk Dövlətlərinin Sığorta sektoru üzrə "Core Layihəsi" təqdim ediləcək və B2B görüşlər zamanı iştirakçılar arasında əməkdaşlıq imkanları müzakirə olunacaq.
29 oktyabrda keçiriləcək sammitin ikinci günündə qlobal "InsurTech" tendensiyaları, AI və blockchain əsaslı sığorta məhsulları, müştəri təcrübəsi və kibertəhlükəsizlik kimi mövzular diqqət mərkəzində olacaq.
Panellərə "Arksigner", "Venhancer", "RS Automotive Group", "Medipol" Universiteti və "EY Türkiye" kimi aparıcı şirkətlərin rəhbərləri moderatorluq edəcəklər.
Xüsusi sessiyada Jochem van Stiphout "AI və Avtomatlaşdırma: Sığortada Rəqəmsal Transformasiyanın Gələcəyi" mövzusunda təqdimatla çıxış edəcək.
Tədbir Türk Dövlətlərinin Sığorta Assosiasiyalarının nümayəndələrinin iştirakı ilə keçiriləcək "Türk dövlətləri arasında əlaqəli və dayanıqlı InsurTech ekosistemini necə qurmaq olar?" adlı yekun panel və şəbəkə sessiyası ilə başa çatacaq.
Aqil Vəlili