Bakı şəhər İcra Hakimiyyəti Dövlət Yol Polis ilə bərabər sürücülərin və onların yaşayış yerlərinin siyahısını hazırlayır.
Oxu.Az Fineko/abc.az-a istinadən xəbər verir ki, bu barədə Bakı şəhər İcra Hakimiyyəti xüsusi təyinatlı avtonəqliyyat dairəsinin rəisi Həsən Abdullayev bildirib.
Onun sözlərinə görə, bu siyahının hazırlanmasının məqsədi bəzi sürücülərə imtiyazlı stikerlərin verilməsidir.
“Bu, qeyri-qanuni parkinqlərin ləğv edilməsi tdbirləri çərçivəsində həyata keçirilir. Məlumdur ki, Bakıda parkomatlar quraşdırılır. Amma bəzi binaların avtomobil parketmə yeri olmadığına görə bu sürücülər üçün “bir mənzilə bir avtomobil” prinsipi üzrə xüsusi proqram hazırlanıb.
Belə avtomobillərin sahibləri: Füzuli küçəsi, 82 (yeraltı parkinq) ünvanında yerləşən ofisimizə müraciət edərək xüsusi endirimli stikerlər əldə etməlidirlər”, - H.Abdullayev deyib.
Onun sözlərinə görə, bu stikerlərin sahibləri avtomobillərini park etdikləri üçün ayda cəmi 15 manat ödəyəcəklər. Gələcəkdə ödəmə illik də aparıla bilər.
“Xidmətlərin təkmilləşdirilməsi istiqamətində gələcəkdə SMS-xəbərdarlıq sistemi də tətbiq ediləcək”, - H.Abdullayev deyib.
Bakının mərkəzində bir çox binaların mənzillərində ofislərin yerləşməsinə baxmayaraq, bu tədbirlər korporativ sektora tətbiq edilmir.