Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) mobil ofislər vasitəsilə (xüsusi nəqliyyat vasitələrində) daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətləri əlilliyi olan, ahıl, sağlamlıq imkanları məhdud insanlar, hərəkət çətinliyi səbəbindən ərazi qeydiyyat idarələrinə gələ bilməyən vətəndaşlara çatdırır.
Oxu.Az xəbər verir ki, ƏMDK-nin mətbuat xidmətindən verilən məlumata görə, iyul ayı ərzində komitənin mobil ofisləri vasitəsilə Şamaxı, Ağsu, Qobustan, Qəbələ, İsmayıllı, Oğuz, Quba, Qusar, Xaçmaz, Şabran və Abşeron rayonlarından olan vətəndaşlara qeydiyyat xidmətləri göstəriləcək.
Bu xidmətlərdən qeyd olunan şəhər və rayon sakinləri Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 148 saylı “Qaynar xətt”inə zəng etməklə faydalana bilərlər.
Qeyd edək ki, daxil olan müraciətlər əsasında indiyədək Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Yevlax şəhərləri, Şəmkir, Göygöl, Daşkəsən, Samux, Gədəbəy, Ağdaş, Qax, Balakən, Ağstafa, Qazax, Göyçay, Kürdəmir, Zərdab, Salyan, Sabirabad, Saatlı, Neftçala, Hacıqabul, Ağcabədi, Füzuli, İmişli, Tərtər, Ağdam, Naftalan və Goranboy rayonlarında, həmçinin bu şəhər və rayonların mərkəzdən uzaq kənd və qəsəbələrində mobil ofislər vasitəsilə 2700-dən çox vətəndaşa qeydiyyat xidmətləri göstərilib.
Gülnarə Zeynalova
www.oxu.az