Orta statistik niderlandlının banklardakı əmanətlərinin həcmi orta statistik azərbaycanlının əmanətindən təxminən 35 dəfə çoxdur.
Oxu.Az xəbər verir ki, bu sözləri iqtisadçı-ekspert Rövşən Ağayev bildirib.
Ekspert Beynəlxalq Valyuta Fondunun məlumatlarını analiz edərək əhalinin banklardakı əmanətlərinin Ümumi Daxili Məhsula (ÜDM) nisbətini hesablayıb: Belə ki, əhalinin əmanətlərinin ÜDM-ə nisbəti Azərbaycanda 12,2%, Qazaxıstanda 12,8%, Belarusda 19,5%, Gürcüstanda 14,6%, Estoniyada 27,7%, Polşada 29,6%, Çexiyada 48,2%, Norveçdə 18,5%, Fransada 25%, Niderlandda 63% təşkil edir.
Əhali əmanətlərinin ölkə əhalisinin hər nəfərinə düşən həcmi (USD) isə Gürcüstanda 550, Azərbaycanda 930, Belarusda 1480, Qazaxıstanda 1700, Polşada 4050, Estoniyada 5300, Çexiyada 9560, Fransada 10600, Norveçdə 18300, Niderlandda 31800 təşkil edib.
Ekspert vurğulayır ki, əmanətlərin həcmi yaşayış səviyyəsi və əhalinin gəlirləri arasında real nisbəti, həmçinin banklara etimadın səviyyəsini qiymətləndirmək üçün ən asan ölçülə bilən göstəricilərdən biridir.
Xatırladaq ki, Vergilər Məcəlləsinə edilən dəyişiklik əmanətlərlə bağlı məsələləri gündəmə gətirib.
Belə ki, məcəlləyə edilən dəyişikliyə görə, fiziki şəxslərin əmanətləri üzrə ödənilən illik faiz gəlirlərinin ancaq 500 manatadək olan hissəsi vergidən azad olunacaq.