“Fitch Ratings” beynəlxalq reytinq agentliyi “Azərbaycan Dəmir Yolları” QSC-nin uzunmüddətli defolt emitenti reytinqini “BBB-” səviyyəsində, “sabit” proqnoz ilə təsdiqləyib.
Oxu.Az Day.az-a istinadən xəbər verir ki, bu barədə agentliyin bazar ertəsi yaydığı məlumatda deyilir.
QSC-nin reytinqi əvvəlki kimi şirkətin yeganə səhmdarı olan Azərbaycan hökumətinin reytinqi ilə eyni səviyyədədir ki, bu da dövlətlə kifayət qədər güclü əlaqələrin saxlanılmasını əks etdirir.
“Fitch” gözləyir ki, QSC yaxın gələcəkdə dövlətin 100 faizlik mülkiyyəti olaraq qalacaq.
“Fitch” qeyd edir ki, yük daşımalarında gəlir əsas yeri tutmaqda davam edir və 360 milyon manat səviyyəsində olan bütün gəlirin 67 faizə yaxınını təşkil edir.
“Biz 2015-ci ildə Bakıdan İstanbula, daha sonra isə Avropaya daşınmaların həyata keçirilməsinə imkan verəcək Bakı-Tbilisi-Qars dəmir yolunun işə salınmasından sonra dəmir yol daşımalarının həcminin artacağını gözləyirik”, - məlumatda deyilir. (Trend)